İki güləşçimiz Türkiyədə finala yüksəldi

17:41 - 24 Fevral 2022

Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri start götürüb.

 

Sportal.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da mübarizə baş tutur.

 

A qrupunda yer alan İbrahim Nurullayev (55 kq) ilk 2 görüşdə Qazaxıstan və Türkiyə güləşçilərinə qalib gəlib. Ancaq sonuncu turda daha bir yerli idmançıyla qarşılaşan Nurullayev rəqibinə məğlub olaraq yarımfinala yüksələ bilməyib.

 

Bu yarışda 60 kq-da gücünü sınayan Eldəniz Əzizli startda Özbəkistan güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda Türkiyədən olan rəqibiylə görüşdə zədələnib.

 

Taleh Məmmədov (63 kq) ilk görüşdə özbəkistanlı rəqibinə məğlub olub. Ancaq Təsəlliverici görüşdə Türkiyə pəhləvanından üstün olub. 

 

Namaz Rüstəmov (67 kq) debütdə Qazaxıstan təmsilçisinə uduzub.

 

İslam Abbasov (87 kq) yarışa inamlı start verib. Özbəkistan və Qazaxıstan güləşçilərinə tam üstünlüklə qalib gələn həmyerlimiz yarımfinalda Türkiyə idmançısını da yenərək finala yüksəlib.

 

97 kq-da millimizin iki üzvü çıxış edib. Arif Niftullayev 1/8 finalda Türkiyə güləşçisinə məğlub olub. Bu mərhələdə Avstriyadan həmkarını mübarizədən kənarlaşdıran Murad Lokyayev isə 1/4 finalda Norveç idmançısıyla bacarmayıb.

 

Beka Kandelaki (130 kq) yarışa Yunanıstan təmsilçisi üzərində inamlı qələbəylə start verib. Daha sonra Polşa idmançısını minimal fərqlə üstələyərək yarımfinala adlayıb. Olimpiadanın 3 qat mükafatçısı, 4 qat dünya çempionu və 9 qat Avropa çempionu Rza Kayaalpla qarşılaşma maraqlı mübarizə şəraitində keçib. Türkiyə güləş tarixinin ən titullu idmançılarından biriylə görüşdə hesabda geridə olan təmsilçimiz uğurlu fənd həyata keçirərək "tuşe" ilə qalib gəlib və finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti