"Spartak"ın veteran qolkiperi Anzor Kavazaşvili Moskva klubunun Avropa Liqasının 1/8 final mərhələsinin “Leypziq”lə ev görüşünü Bakıda keçirmək ehtimalını şərh edib.
Sportal.az xəbər verir ki, "Sport-Ekspres"ə danışan Kavazaşvili Azərbaycan paytaxtının Moskva klubu üçün uyğun məkan olduğunu söyləyib:
"Bakı "Spartak" üçün yaxşı variantdı. Uzaq məsafəyə uçmaq lazım deyil. Orada da "Spartak"ı sevənlər var. Görünən budur ki, “Spartak” ev oyununu Bakıda keçirmək üçün artıq yerli federasiya (AFFA-nı nəzərdə tutur - red) ilə razılıq əldə edib. Yekun qərarı gözləyək. “Leypziq”lə UEFA nümayəndələri danışacaq. Onlar bu variantı qəbul etməyə də bilər. Prinsipcə, UEFA bu təkliflə razı olmalıdı. Çünki Rusiya təyyarələrini Avropaya buraxmırlar. Matçı Gürcüstanın Batumi şəhərində keçirmək təklifini irəli sürmüşdüm. Çünki həmin şəhərin fəxri vətəndaşıyam. Batumidə gözəl və yeni stadion var. Oyunun təşkilinə kömək etməyi, danışıqlar aparmağı təklif etmişəm".
1/8 final mərhələsinin ilk oyunu martın 10-da baş tutacaq. Bir həftə sonra isə “Spartak” rəqibini evdə qəbul etməlidi. Fevralın 25-də isə UEFA Rusiya və Ukrayna klublarına ev oyununu neytral meydanda keçirmək göstərişini verib.
81 yaşlı gürcü veteran 1961-1971-ci illərdə “Spartak”ın qapısını qoruyub.
