Azərbaycan futbolunda yeni "oyun" - Natiq Muxtarlı yazır

21:49 - 17 Mart 2022

“Elxan Məmmədov AFFA-nın baş katibi postundan getdi” başlığı nədir?

 

Hələ ictimai-siyasi saytların bəzilərinə də elə gəlib ki, Elxan Məmmədov ümumiyyətlə futbol təsərrüfatından gedib.

 

Dayanın, haradadır Azərbaycan futbolunda o bəxt? Haradadır Azərbaycanda ictimai rəyi nəzərə almaq tendensiyası?

 

Haradadır Azərbaycanda çörəyi çörəkçiyə vermək, işi peşəkarlara tapşırmaq ənənəsi? Olmayıb, yoxdur, olmayacaq da.

 

Elxan Məmmədov AFFA-nın baş katibi postundan 2 il əvvəl gedib. Adam AFFA-da icraçı vitse-prezidentdir 2020-ci ilin 28 yanvarından.

 

Sadəcə, indi gələcək üçün hazırlanan “oyun”un icrasına başlayıb. Məmmədov icraçı vitse-prezident olduqdan sonra baş katib postu əhəmiyyətini itirmişdi.

 

O, onsuz da, AFFA-da bütün proseslərin icraçısı idi. Amma bu işi icraçı vitse-prezident vəzifəsi ilə rəsmiləşdirməklə, faktiki olaraq AFFA-ya rəhbərlik edirdi.

 

Hazırda isə situasiya dəyişib. Rövnəq Abdullayev SOCAR-dan ayrıldıqdan sonra futbol təsərrüfatı ilə də əlaqəni tamamilə kəsib.

 

Yəni adam de-yure prezident postundadır, de-fakto isə deyil. Artıq AFFA-nın yeni prezidenti də bəllidir.

 

Çox təəssüf ki, bu adam Elxan Məmmədovdur.

 

Bəli, Məmmədov Azərbaycan reallıqlarından maksimum yararlandı.

 

O reallığı deyirik ki, orada peşəkarlara yer yoxdur.

 

O reallığı deyirik ki, dost-tanış, qohum-əqrəba vəzifəyə gətirilir anacaq.

 

O reallığı deyirik ki, ictimai rəyə tüpürmək istəyən də yoxdur.

 

İctimai rəydə qənaət birmənalı olaraq belədir: Azərbaycan futbolunun əsas bəlası Elxan Məmmədovdur. İndi bu “bəla” prezident postuna gətirilir.

 

Böyük ehtimalla, Sərxan Hacıyevin baş katib təyin olunması da buna hesablanıb.

 

Kimdir Sərxan Hacıyev? Məmmədovun əlindən “su içən” adam. Onunla birgə futbol təsərrüfatında tor hörən adam. Yəni Elxan gedib, Elxan gəlib.

 

Bəs Elxan Məmmədov AFFA prezidenti təyin olunsa (bəli, məhz təyin olunsa) icraçı vitse-prezident kim olacaq?

 

Güman ki, bu post ləğv ediləcək. Çünki futbol təsərrüfatında öz monopoliyasını tam bərqərar edəcək Məmmədova bu post daha lazım olmayacaq.

 

Azərbaycan ictimaiyyəti də gözləyirdi ki, futbol təsərrüfatında islahatlar olacaq, AFFA-da köklü kadr dəyişikliyi ediləcək.

 

Futbol sahəsi “istedadlı dələduzlar”dan alınıb peşəkarlara veriləcək. Gözləməyə davam. Gözünüzün kökü saralanda gözləmək inadınızdan əl çəkərsiniz.

 

Natiq Muxtarlı, Sportinfo.az

Xəbər xətti