"İlk məqsədim özümü baş məşqçi kimi Azərbaycan futboluna tanıtmaqdır" - MÜSAHİBƏ

16:23 - 8 May 2024

"Difai-Ağsu"nun baş məşqçisi, "Qarabağ" və "Neftçi" komandalarının futbolçusu olmuş Elgiz Kərəmli Sportal.az saytına müsahibə verib. O, karyerasını erkən başa vurmasından və məşqçiliyə başlamasından danışıb. Hazırda 32 yaşında Azərbaycan Premyer Liqası və Birinci Liqa daxil olmaqla, ən gənc baş məşqçi ünvanına sahib olan Kərəmli məqsədlərindən də söz açıb.

- Bu mövsüm ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərməyə başladın. "Difai-Ağsu"da işlərinizdən baş məşqçi kimi razısız? 

- Hazırda turnir cədvəlini nəzərə almasaq, işlər qaydasında gedir. Çünki yanvardan etibarən həm oyun, həm də nəticə baxımından istədiyimizi ala bilirik. Lakin klubda işimin ilk günlərində çətinlik çəkirdim. Həm özüm ilk dəfə idi baş məşqçi kimi fəaliyyət göstərirdim, həm də klubun peşəkar futbolda ilk ilidi. Heyət isə həddindən artıq cavan və təcrübəsiz idi. Bunun nəticəsi olaraq yanvar ayına kimi komanda nəticə baxımından çox pis durum yaşandı, itirilən xalların cəzasını indi də çəkirik. Nəticələrimizi yaxşılaşdırsaq belə, rəqiblərdən çox geridə olduğumuz üçün hələ də istəyimizə tam da nail olmamışıq.

- Futbolçu kimi "Qarabağ" və "Neftçi"də oynamısan. Niyə futbolçu karyeranı erkən başa vuraraq məşqçiliyə başladın?

- Futbolçu karyeramı 26 yaşında zədələrə görə bitirmişəm. 18-20 yaş arası iki xroniki zədə almağım mənə mane olurdu. İldən-ilə geriləmə hiss etdiyim üçün artıq futbolu bitirib məşqçiliyə başlamağı üstün tutdum.

- "Difai-Ağsu" yeni mövsümdən hansı məqsədlər üçün oyanayacaq? Bu mövsüm liqada qalmaq üçün oynayırsız. Yeni sezonda iddialı olmaq ehtimalınız nə qədərdir?

- Liqada qalmağımız tam rəsmiləşmədiyi üçün istədiyimizi reallaşdırmışıq deyə bilmərəm. Liqada rəsmi olaraq yerimizi qoruduqdan sonra növbəti mövsüm üçün hansı yerlər uğrunda mübarizə aparacağımıza rəhbərlik qərar verəcək və biz də həmin qərara uyğun işimizi daha da yaxşılaşdırmağa çalışacağıq. 

- Atanız Nazim Əliyev də məşqçi kimi fəaliyyət göstərib. Sizə hansısa dəstəyi, məsləhətləri olur? Öz məqsədiniz yəqin ki, Premyer Liqada işləmək?

- Atam mənə hər oyundan öncə və sonra mənəvi dəstək olur. Əlavə olaraq, komandaya necə rəhbərlik etməyimlə bağlı da məsləhətlər verir. Mənim ilk məqsədim özümü baş məşqçi kimi Azərbaycan futboluna tanıtmaqdır.

- Ümumiyyətlə, birinci liqa gənc məşqçinin təcrübə toplaması üçün yaxşıdır? Birinci Liqanın səviyyəsini necə dəyərləndirirsən? Səncə, burada komanda var ki, yeni mövsüm Premyer Liqada mübarizə aparsın? 

- Özüm də birinci liqada 4 il oynamışam. Hər dəfə də bu liqadakı oyunlarla maraqlanmışam. Bu liqadakı oyunları nəzərə alsaq, son 10 ildə belə səviyəli çempionat görməmişəm. Klublar həm şərait, həm də heyət baxımından inkişaf ediblər. Gənc məşqçinin təcrübə toplaması üçün ideal liqadır. “Şamaxı”, “Qaradağ-Lökbatan”, “İmişli”ni Premyer Liqaya hazır hesab edirəm.

- Azərbaycanda peşəkar liqalar sayılan- Premyer Liqa və Birinci Liqanı nəzərə alsaq, ən gənc baş məşqçi ünvanı sənə aiddir. Bu fakt səni daha da həvəsləndirir?

Futbol oynadığım zaman belə, gənc yaşlarından məşqçilik barədə düşünmüşəm. Hər zaman istəmişəm ki, ölkəmizdə gənc baş məşqçi kimi özümü sübut edim. Özümə inanıram və çalışıram ki, hər gün inkişaf edim və istəyimə nail ola bilim.

Mirbağırağa

Xəbər xətti