"Sabah"ın prezidenti: "Hamı Premyer Liqada komanda sayının artmasını istəyər, ancaq..."

22:12 - 8 May 2024

Müzakirələr zamanı bəlli oldu ki, klubların əksəriyyəti Əvəzedicilər Liqasının keçirilməsinin əleyhinədir.

Sportal.az xəbər verir ki, bunu “report”a AFFA İcraiyyə Komitəsinin üzvü, Klublar Komitəsinin sədri, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov deyib.

O, Klublar Komitəsinin sonuncu iclasında Əvəzedicilər Liqası ilə bağlı müzakirələrin detalları barədə danışıb:

“Müzakirələr zamanı Premyer Liqa klublarının rəsmilərinin əksəriyyəti əvəzedicilərin çempionatının keçirilməsinin əleyhinə olduqlarını bildirdilər.

Şəxsən mənim fikrimcə, bu məsələ ilə bağlı nəyisə dəyişmək üçün hələ çox tezdir. Bunun üzərində ətraflı müzakirə aparmaq, düşünmək lazımdır.

Məsələn, Əvəzedicilər Liqası ləğv olunsa, 19 yaşdan 23 yaşa kimi olan futbolçuların harada futbol oynayacaqları üzərində düşünməliyik. Geniş müzakirə edilməli, şərtlər nəzərdən keçirilməlidir.

Əvəzedicilərin çempionatı ləğv olunsa, hazırda bu liqada mübarizə aparan komandaların heyətində çıxış edən futbolçuların təcrübə toplaması, inkişaf etmələri üçün I Liqa yaxşı səviyyəyə gətirilməlidir.

Hazırkı vəziyyətdə şəxsən mən Əvəzedicilər Liqasının ləğv edilməsinin əleyhinəyəm”.

Komitə rəhbəri yeni mövsümdə legioner limiti, Premyer Liqanın formatının dəyişdirilməsi və klub sayının artırılması barədə müzakirələr haqqında da fikirlərini bildirib:

“İclasda həmçinin hakimlik və legioner limitindən də söhbət açıldı. Növbəti mövsümdə Premyer Liqada komanda sayı, klublara ayrılan vəsaitin bölünməsi və ona nəzarət məsələsi müzakirə olundu.

Hamı Premyer Liqada komanda sayının artmasını istəyər, ancaq bu, sadəcə, say artımı xatirinə olmamalıdır. Bu istiqamətdə çox suallar var: infrastruktur, reqlament, yayım, hakimlik və s.

Qərar verməmişdən əvvəl hərtərəfli təhlil etmək lazımdır. Legioner limiti ilə bağlı məsələyə gəlincə, bu istiqamətdə müxtəlif fikirlər var.

Sırf “Sabah”ın mövqeyi baxımından yanaşsaq, "7+4" bizə uyğundur . Bizim yaxşı akademiyamız var, hansı ki, buradan əsas komandamıza gənc oyunçular cəlb olunurlar.

Limitlə bağlı digər variantlar geniş müzakirə tələb edir. Hər hansı dəyişiklik olacaqsa, burada şərtlər nəzərə alınmalıdır.

Məsələn, 23 yaşdan aşağı yerli futbolçulara şans verən klublara əlavə vəsaitin ayrılması, iştirak ərizəsində ən azı 10 yerli futbolçunun adının qeyd edilməsi və s.

Hər hansı təklif verilərkən bunun ayrı-ayrı klubların yox, ümumi Azərbaycan futbolunun xeyrinə olmasına diqqət yetirməliyik.

Bununla bağlı da Klublar Komitəsində geniş müzakirə oldu, hər bir klub öz mövqeyini bildirdi".

Xəbər xətti