"Belə liqalarda daim çıxış edən futbolçular yığmaya dəvət olunmalıdır"- Rüfətin milliyə cəlb edilməməsi haqda

10:18 - 8 Oktyabr 2025

Xorvatiyanın “Varajdin” klubunda oynayan Rüfət Abdullazadənin Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin Fransa və Ukrayna ilə görüşlərinə dəvət edilməməsi müzakirələrə səbəb oldu. Artıq Xorvatiya klubunda start heyətinin oyunçusuna çevrilmiş yarımmüdafiəçi yeni komandasında ümumilikdə biri kubok, yeddisi çempionat görüşü olmaqla, 8 matça çıxıb və 1 qol vurub.

Yığma komandamızın keçmiş müdafiəçisi Saşa Yunisoğlu Abdullazadənin millimizin baş məşqçisi Ayxan Abbasovun siyahısına düşə bilməməsi haqda danışıb. Sportal.az saytına açıqlama verən Yunisoğlu “Varajdin”in üzvü barədə danışıb:

"Təbii ki, xaricdə oynayan azərbaycanlı futbolçular milliyə nə qədər çox dəvət edilsə, bir o qədər yaxşıdır. Xorvatiya çempionatı Azərbaycan Premyer Liqasından güclüdür. Normal durumda bu cür liqalarda daim çıxış edən futbolçular milliyə dəvət olunmalıdır. Amma bizim üçün kənardan baxaraq, nəsə demək asandır. Həm Fernandu Santuşun, həm də ondan sonra Ayxan Abbasovun da Rüfəti milliyə dəvət etməməsində bizim bilmədiyimiz başqa səbəblər də ola bilər".

Xatırladaq ki, Rüfət yayda “Səbail”dən ayrılaraq “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Onun komandası Xorvatiya çempionatında 9 turdan sonra 12 xalla 4-cü pillədədir.

Mirbağırağa
 

Xəbər xətti