Azərbaycan klubu 3 əcnəbi baş məşqçi ilə danışıqlara başladı - SON DƏQİQƏ

14:55 - 12 Dekabr 2025

Qeyri-sabit mövsüm keçirən"Araz-Naxçıvan" ölkə xaricinə üz tutub.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi yeni baş məşqçini indi də Azərbaycanda kənarda axtarır.

Klub rəhbərliyi hazırda 3 əcnəbi mütəxəssislə danışıqlar aparır.

Üç fərqli ölkədən olan çalışdırıcıya "Araz"ın mövcud durumu və hədəfləri barədə geniş hesabat verilib, müqavilə şərtləri ətrafında müzakirə aparılıb.

Danışıqların nəticəsi qarşıdakı iki həftə ərzində bilinməlidir.

Məlum olduğu kimi, "Araz-Naxçıvan" bir neçə oyunluq uğursuz seriyaya dekabrın 9-da son qoyub.

Premyer Liqanın 14-cü turu çərçivəsində "Kəpəz"i Mərdəkanda qəbul edən "ağ-qırmızılar" 2 cavabsız qolla qalib gəlib.

Coşqun Diniyev və Patrik Andradenin fərqlənməsi sayəsində əldə olunan 3 xal Elmar Baxşıyevin istefasını ertələyib.

Fəqət, onun burada daha artıq müddət duruş gətirəcəyini heç cür söyləmək olmaz. Çünki qarşılaşmanı izləyən Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov stadiondan yenə narazı ayrılıb.

Üç ildir "Araz"ın bütün yükünü öz çiyinlərində çəkən başqan komandanın sərgilədiyi oyunun onu qane etmədiyini açıq şəkildə söyləyib.

Yaxın çevrəsiylə bu barədə söhbətləşən hörmətli iş adamı "Kəpəz"in daha yaxşı təsir bağışladığını, onların isə bəxtlərinin gətirdiyini bildirib.

NFF-nın birinci şəxsi qeyd edib ki, "Araz" yenə ondan gözlənilən futbolu nümayiş etdirməyib, yalnız Andradenin fərdi bacarığı hesabına istəyinə çatıb.

Muxtar Respublika təmsilçisinin nümaəndələri ötən günlər ərzində 2-3 yerli məşqçi ilə əlaqə saxlayıb.

Samir Abasov onlardan biridir. Noyabrın 24-də "Neftçi"dən istefaya göndərilən mütəxəssis təklifi geri çevirib.

Xəbər xətti