Ayxan Abbasov: "Avrokuboklara oynamaq üçün geniş heyət lazımdır"

16:36 - 13 Dekabr 2025

"Şamaxı" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Zirə" 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

- Avrokubok zonasına yaxınsınız. Belə hədəf var?

- Avrokuboklara oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda avrokubok üçün büdcə lazımdır.

- Msanqa Afrika Millətlər Liqasında oynayacaq...

- Msanqa Serbiya I Liqasından gəlib. Bir həftə onu ələ salanlar olmuşdu. Deyirdilər, "Şamaxı" Tanzaniyadan futbolçu gətirib. Amma indi milliyə də dəvət alır, özünü doğruldur. Bu gün qol vurub getməsi də daha sevindirir.

- Premyer Liqada qalmağı təmin etmisiz?

- 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik.

Xəbər xətti