"Neftçi" dünən də qələbə qazana bilmədi. 3 xalın artıq meydan sahiblərinin "cibində" olduğunu düşündüyümüz vaxtda "Sumqayıt" geridönüş etdi, bir xal çıxara bildilər çətin keçən oyundan.
Amma dünənki matçda çox fərqli "Neftçi" izlədik. Çoxdandır belə rəngarəng, rahat, baxımlı oyun sərgiləyən "Neftçi" görməmişdik. Girdikləri qol epizodlarını sağa-sola xərcləməsəydilər, hətta irihesablı qələbə qazanacaqdılar. Yuri Vernidub əlində sehirli çubuğun olmadığını desə də, dünən kiçik möcüzə edə bilmişdi. Çox qısa vaxtda komandanı oyuna elə hazırlamışdı ki, bu "Neftçi" əvvəlkindən daha fərqli nəzərə çarpırdı.
Vernidubun hesaba almadığı bir məqam var idi ki, bu da yekun nəticəyə təsirini göstərdi. "Neftçi"nin indiki hazırlıq səviyyəsi 90 dəqiqəni yüksək sürətlər altında keçirməsinə imkan vermir. Elə bu səbəbdən də, baxımlı 70 dəqiqənin ardından çətin sonluq qaçılmaza çevrildi və buraxılan iki qolla nəticələndi.
Lakin Yuri Vernidub hər şeyə rəğmən aylarla vaxt istəyən məşqçilərə nümunə göstərdi. Yaxşı məşqçi qısa zamanda da nələrisə dəyişə bilər. Sistem, taktika, mental hazırlıq və s. məqamlar üzərindən komandanın sarı siminə toxunmaq mümkündür. Yeganə vaxt aparan məsələ ümumi fiziki hazırlıqdır ki, bunun üçün mütləq zamana ehtiyac var.
Ramin Quliyevin çempionatın startında 7 oyuna cəmi 1 xal toplayan "Sabah" nümunəsi var idi. Növbəti iki oyunda qələbələr qazanan müvəqqəti çalışdırıcı İqor Ponomaryov komandanı Murad Musayevə ötürmüşdü. Rusiyalı mütəxəssis gəldiyi ilk gündən ağırlığını qoya bilib, çox qısa zamanda "Sabah"ı Premyer Liqanın ən güclü kollektivlərindən birinə çevirə bilmişdi.
Elə özümüzün də Azər Bağırov kimi nümunəsi var. "Kəpəz"in "sağalmaz xəstəliyə" düçar olduğunu düşünsək də, əldə olan kiçik imkanlarla ölkə kubokunda mərhələ adladılar, sonuncu pillədən qalxdılar. Onu da nəzərə almaq lazımdır ki, Azər bəy lazımsız legionerləri uzaqlaşdırıb, Ba, Paçu kimi aparıcı oyunçular zədələrdən əziyyət çəkirlər. Elə oyunlar olub ki, mərkəz hücumçusu mövqeyinə müdafiəçi Ehtiram Şahverdiyevi qoyub, amma giley-güzar etməyib Azər Bağırov.
Məşqçilik peşəsi elədir ki, nəticə vermək üçün çox vaxtı olmaya bilər mütəxəssisin. "Mənim komandam deyil", "heyəti mən yığmamışam" tipli fikirlərin arxasında gizlənən mütəxəssislər adətən sonradan da nəticə qazanmaqda çətinlik çəkirlər. Yaxşı məşqçi o adamdır ki, düşdüyü mühitdə baş çıxarsın, ümid görmürsə, heç gəlməsin həmin yerə.
Həmid
saytlarin hazirlanmasi
