Rəşad Sadıqovun 9 il əvvəl Romada dedikləri təsdiqini tapır - Xəyal, Rüfət, Edqar, Murad kimi gənclər var, amma bu mövqedə heç kim yetişmir

13:54 - 16 Mart 2026

2017-ci il idi. "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının qrup mərhəsləsində səfərdə "Roma" ilə qarşılaşırdı. Oyun meydan sahiblərinin 3:0 hesabı ilə yekunlaşdı. Matçdan sonra media nümayəndələrinə açıqlama verən baş məşqçi Rəşad Sadıqov futbolumuzun problemlərindən danışarkən bir məsələyə toxundu:

"Elə mövqelər var ki, nəsil kəsilir. Özünüz də görürsünüz ki, Azərbaycanda stoper mövqeyində heç kim yetişmir. Ya da boyları çox balacalaşır. Olanlar da, ya ağırdı, ya topla rəftarı zəifdi, ya qısadı və s. Bütün bunlara fikir vermək lazımdı, yoxsa getdikcə futbolumuz uçruma doğru yuvarlanır". 

O vaxtdan 9 il keçib. Baxırıq ki, Xəyal Əliyev, Rüfət Abbasov, Edqar Ədilxanov, Murad Məmmədov kimi gənc oyunçular yetişib. Onların hər biri millimizin aparıcı oyunçularından birinə çevrilə bilər. Musa Qurbanlı, Toral Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev kimi oyunçuları da bu siyahıya əlavə etsək, yaxşı milli komandanın formalaşmasının mümkünlüyünü ehtimal etmək olar. 

Demək olar ki, hər mövqedə oyunçularımız var. Yalnız stoperləri çıxmaq şərtilə. Bədavi Hüseynov karyerasının qürub çağını yaşayır. Bəhlul Mustafazadənin artıq 29 yaşı var. Digərləri o səviyyədə deyillər. 20-21 yaşlılar arasında isə fərqləndirə biləcək ad yoxdur. 

Rəşad Sadıqovun 9 il əvvəl dedikləri öz təsdiqini tapır... 

Həmid

Xəbər xətti