Son günlərə qədər duruşunu saxlayıb möhkəm komanda kimi ad çıxaran "İmişli" bir həftənin içində bütün imicini xərclədi. Əvvəlcə "Sabah"dan 5 cavabsız qol buraxdılar, ardınca da "Neftçi"dən 6 qol. Hətta aşkar autsayder "Karvan-Yevlax" belə 2 oyuna 11 cavabsız qol buraxmayıb. Deyəsən, Jorj Kaşkilyanın ultramüdafiə sistemi "error" verib. Yeni gedişlər düşünməlidir. Bu minvalla Premyer Liqada 11-ci pilləyə də yuvarlana bilərlər.
"Neftçi"yə gəlincə, azarkeşlər üçün kefli qələbə oldu. Başgicəlləndirici kombinasiyalar, vurulan qollar, irihesablı qələbə. Çoxdandır belə parlaq qələbə görmürdü "Neftçi" fanatları. Çoxdan həsrətindəydilər.
Sambu və Abubakarın yoxluğunda "Neftçi"nin sıxıntı yaşayacağı ehtimal olunsa da, Varqas nəinki onların yoxluğunu hiss etdirmədi, hətta gözləntilərin çox üstündə oyun nümayiş etdirdi. "Neftçi"nin son qolunda Varqasın göstərdiklərinə bir ad vermək olar - şou! "İmişli" müdafiəsini qabağına qatan venesuelalı potensialının nə qədər böyük olduğunu sərgilədi.
Bu qələbədən sonra "Neftçi" avrokubok zonasına bir qədər də yaxınlaşdı. Sonluğu yüksələn qrafiklə gətirə bilsələr, mövsümü xilas edə bilərlər. Bu, həm də əsas rəqiblərin nəticələrindən asılı olacaq.
Fikrət
saytlarin hazirlanmasi
