"Komanda məğlubiyyətsiz çempionluğa dogru gedirsə, məşqçilərin böyük əməyini qeyd etmək lazımdır" - MÜSAHİBƏ

11:47 - 19 Mart 2026

"Şəfa"nın akademiyasının yeni rəhbəri Nadir Nəbiyev Sportal.az saytına müsahibə verib.

- "Şəfa"ya təyinatınız necə reallaşdı? Təklif çoxdan gəlmişdi, yoxsa qısa müddətdə reallaşdı hər şey?

Təklif gəldi, görüşdük və müzakirə etdikdən sonra birlikdə işləməyə qərar verdik. 

- Yəqin ki, artıq fəaliyyətə başlamısız. Akademiya işində əsas ideyalarınız, əsas görəcəyiniz işlər nədən ibarət olacaq? 

İlkin olaraq müvafiq kateqoriyaya malik məşqçilər dəvət olunacaq. Ondan sonra tələb olunan digər yaş qrupları üçün seçimlər reallaşdırılacaq. Uşaq futbolunda əsas iş elə bundan sonra başlayır.

- “Turan Tovuz"da yaxşı işlər görmüşdüz. Eynisini və ya daha yaxşısını "Şəfa"da etmək üçün imkan və şərait varmı?

Komanda yeni olduğuna görə, təbii ki, çətinliklər olacaq. Sadəcə olaraq, bu işdə səbirli olmaq lazımdır. İnanıram ki, müəyyən vaxtdan sonra milli komandalarda “Şəfa” komandasından da futbolçular görə biləcəyik.

- "Şəfa" Premyer Liqaya iddialı klubdur. Amma yəqin ki, klubun daha da böyüməsi və daha ciddi olması üçün bazaya daha çox ehtiyacı olacaq. Ən azından A komandası, aşağı yaş qruplarının daimi məşq edəcəyi baza qurulacaq?

"Şəfa" Premyer Liqaya vəsiqə qazanarsa, tələblərdən biri də uşaq futbolu olacaq. Onun üçün də ilk növbədə lisenziyalaşdırmanın tələblərini yerinə yetirmək lazımdır. Bundan sonra qeyd etdyiniz məsələlərin mərhələli şəkildə öz həllini tapacağına inanıram.

- “Şəfa"nın əsas komandası Elgiz Kərəmlinin rəhbərliyi altında uğurlu nəticələr qazanır, hazırda I Liqada məğlubiyyətsiz liderdirlər. Bu haqda fikriniz necədir? Kərəmli gənc mütəxəssisdir, onun işi haqda nə düşünürsüz?

Hazırda dörd komanda çempionluq uğrunda mübarizə aparır. Məqsədə çatmaq üçün sonadək mübarizə aparmaq lazımdır. İnanıram ki, komanda ilk çempionluğunu qazanacaq. Elgiz Kərəmli gənc mütəxəssisdir. Komanda məğlub olmadan çempionluğa dogru gedirsə, burada məşqçilərin də böyük əməyini qeyd etmək lazımdır.

- “Şəfa" vaxtı ilə Azərbaycan kubokunun qalibi olub. Gələcək illərdə bunu yenidən təkrarlamaq mümkündür?

Vaxtı ilə milli komandanlara ən çox futbolçu “Şəfa” komandasından dəvət olunub. İnanıram ki, nəticə ilə bərabər yenə həmin uğuru qazanacaq.

- Rəhbərlik dəfələrlə müsahibələrində bildirib ki, komandada əcnəbi yer almayacaq. Sizcə, yalnız yerlilərlə gələcəkdə uğur qazanmaq, Premyer Liqada möhkəmlənmək mümkündür?

Milli çempionatımızda çempion olan elə komandalar var ki, heyətində bir legioner də olmayıb. Etiraf etmək lazımdı ki, bugünkü gündə buna nail olmaq çox çətindir. Hətta mümkünsüzdür, deyə bilərik. İnanaq ki, gələcəkdə bu uğuru təkrarlayan komandalar olacaq.

Mirbağırağa
 

Xəbər xətti