"Bodo-Qlimt"in başına gələni "Qarabağ" yaşasaydı... - Qurban Qurbanovu tənqid etməyən qalmayacaqdı!

14:00 - 18 Mart 2026

Bu mövsüm Çempionlar Liqasında boyundan yuxarı tullanan iki klub oldusa, biri "Qarabağ"dı, o birisi "Bodo-Qlimt". Əslində, Norveç təmsilçisi ötən mövsüm Avropa Liqasında da yaxşı çıxış edib. Yarımfinala qədər irəliləyən "Bodo-Qlimt" həmin mərhələdə "Tottenhem"ə məğlub olaraq mübarizəni dayandırıb. 

Bu mövsüm Çempionlar Liqasında pley-offa vəsiqə qazanan "Qarabağ" "Nyukasl" səddini aşa bilməsə də, "Bodo-Qlimt" adlı-sanlı "İnter"i hər iki oyunda məğlub edərək adını 1/8 finala yazdırdı. 

"Bodo-Qlimt"i dərindən təhlil edəndə aydınlaşır ki, bu klubu nəinki "Qarabağ", ümumiyyətlə Avropanın heç bir təmsilçisi ilə müqayisə etmək doğru deyil. Paytaxt Oslodan min kilometr aralıda yerləşən Bodo şəhəri çox sərt iqlimə malikdir. Başqa ölkə təmsilçiləri bir yana qalsın, Bodoya səfər eləmək Norveç klublarının belə gözünə dayanır. Məhz iqlimitin sərtliyi və mühitin sıxıcı olmasına görədir ki, "Bodo-Qlimt" demək olar ki, legioner gətirmir. Heyətdə olan 25 futbolçudan 20-i norveçlidir. 5 legionerdən 3-ü danimarkalı, 1-i rus, digəri də nigeriyalıdır. 

50 minlik boz şəhərdə yetişən futbolçular da başqa yerlərə uyğunlaşa bilmirlər. Ona görə də, gedənlər tezliklə qayıdıb elə "Bodo-Qlimt"də oynamağa üstünlük verirlər. Maraqlı bir fakt da odur ki, karyerasını bitirən yerli futbolçular hər gün bazaya gəlib komanda üzvləri ilə kofe içir, ünsiyyətdə olurlar. Bu, artıq "Bodo-Qlimt"də ənənə halını alıb. 

"Bodo-Qlimt" 50 minlik ailə klubu hesab oluna bilər. Bahalı futbolçular almamaqlarına gəlincə, bu, Norveç reallıqlarından irəli gələn məqamdır. Norveç varlı ölkə olsa da, burada cəmiyyətin yazılmamış qaydaları işləyir - hər kəs özünü digərindən üstün tutmamağa çalışır, varlılar belə dəbdəbəni başqasına nümayiş etdirməyi etik saymır. 

Yoxsa ki, Norveç klubları dünyanın ən bahalı futbolçularını rahatlıqla alıb gətirə bilərdi. Amma cəmiyyətə tərs olacaq deyə, bu yolla getməməkdə israrlıdılar. Buna rəğmən, belə soyuq yerlərdə ürəkləri isindirə bilən "Bodo-Qlimt" kimi klub formalaşıb. 

Təəssüf ki, ötən gün ÇL-də "Bodo-Qlimt" nağılı bitdi. Evdə "Sportinq"i 3:0 hesabıyla yenən "Bodo-Qlimt" səfərdə 0:5 hesabıyla məğlub oldu. Üzücüdür, amma əminəm ki, norveçli azarkeşlər bunu anlayışla qarşılayır. "Bodo-Qlimt"in bu yerlərə gəlməsinin özü də bir tarixdir. 

Və bir anlıq fikrə gedirəm. Görən, "Qarabağ" evdə "Sportinq"ə 3:0 qalib gəlib səfərdə belə uduzsaydı... Yəqin ki, ölkədə Qurban Qurbanovu tənqid etməyən qalmayacaqdı!

Fikrət

 

Xəbər xətti