"Kayrat"ın keçmiş baş məşqçisi Karlos Alos Ferrer "Sabah"ın kapitanı Stas Pokatilovun UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona"ya qarşı keçirəcəyi oyun barədə şərh verib.

Sportal.az xəbər verir ki, ASnews.kz saytına danışan ispaniyalı mütəxəssis qazazıxtanlı qapıçıya görə xoşbəxt olduğunu bildirib:

"Hər şeydən əvvəl, Stasın adına çox sevinirəm. O, əla qapıçıdır. Birgə çalışdığımız müddətdən onu böyük peşəkar, mükəmməl reaksiyaya və qapı xəttində yüksək sürətə malik qolkiper kimi xatırlayıram. Düzünü desəm, onu bu səviyyəli matçda görmək əsl qürur mənbəyidir.

Düşünürəm ki, hazırkı turnir formatı bu cür qarşılaşmaları daha əlçatan edir. "Kayrat"da çalışdığım dövrdə üç seçmə mərhələdən keçdik. Hətta ikinci təsnifat mərhələsində "AZ Alkmaar"ı da məğlub etdik. Amma o zaman qrup mərhələsinə yüksəlmək inanılmaz dərəcədə çətin idi. İndi belə matçlara çıxmaq daha asandır".

Məşqçi həmçinin Kataloniya nəhəngi ilə qarşılaşmadan əvvəl keçmiş oyunçusuna bəzi məsləhətlər verib:

"Bu, Stas üçün çox çətin və yüksək enerji tələb edən bir matç olacaq. Ona uğurlar arzulayardım, özü kimi qalsın, oyundan zövq alsın və bir saniyə belə diqqətini itirməsin".

Qeyd etmək lazımdır ki, Karlos Alos Ferrer 2017-ci ilin iyulundan 2018-ci ilin oktyabrına qədər "Kayrat"a rəhbərlik edib və Almatı klubunu Qazaxıstan Kubokunda qələbəyə aparıb. Stas Pokatilov ispaniyalı məşqçinin rəhbərliyi altında 35 oyunda iştirak edib.

Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.