“Barselona”nın prezidenti Xuan Laporta komandanın cinah hücumçusu Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, Laporta TUDN nəşrinə müsahibəsində bunları qeyd edib:

“Komandamızda öz akademiyamızın çoxlu yetirməsi var. “La Masiya”dan çıxan futbolçularla digər klublardan gələn oyunçular arasında ideal uyğunluq yaranıb. Bu, möcüzəvi bir formuladır.

Mən cümə axşamı və cümə günləri bazaya gəlirəm və yalnız bilməyimə icazə verilən qədər məlumat əldə edirəm. Hər bir detal barədə məlumatlandırılmağım düzgün olmazdı. Bu, özünəməxsus “kahinlər” tərəfindən idarə olunan “məbədimizin” daxili həyatının bir hissəsidir. Onlar mənimlə yalnız ən vacib məlumatları bölüşürlər.

Laminin 19 yaşı var, lakin o, hətta 16 yaşında da kifayət qədər yetkin düşüncəyə malik idi. O, bəzən həyatın çətin keçdiyi Rokafonda rayonundandır. Amma belə istedadlar yetişdirən bir yer, şübhəsiz ki, gözəl olmalıdır.

Həmin rayonda və ya ətraf ərazilərdə inanılmaz istedada malik gənclər var. Onlardan bəziləri hazırda “La Masiya”da məşq edirlər. Onların 17 yaşı var və biz onlara dəstək olmalıyıq. Yaşlarına baxmayaraq, yetkin düşüncəyə sahibdirlər, eyni zamanda çox gənc və həyat enerjisi ilə doludurlar.

Bizim kimi yaşca böyük insanların əsas vəzifələrindən biri onlarla yaxşı münasibətlər qurmaqdır. Bu baxımdan Fliki və onun məşqçilər korpusunu təbrik etmək istəyirəm. Biz özümüzü onların yerinə qoymağı bacarmalıyıq. Yamal çox yaradıcı futbolçudur. Onun komanda yoldaşları ilə münasibətləri əladır və onlar yanlarında qeyri-adi futbol istedadının olduğunu anlayırlar.

Lamin sosial şəbəkələr dünyasında xüsusi cazibəyə malikdir. Bu, müasir gənclərin həyatının ayrılmaz hissəsinə çevrilmiş bir mühitdir. Biz onun peşəkarlığına və məşqlərdə göstərdiyi çalışqanlığa heyranıq. Əgər bu cür məşq etməyə davam etsə, inkişafını da davam etdirəcək.

Mən Yamala heyranam. Bir neçə gün əvvəl klubun idman kompleksində məşqi izləyirdik. O, elə möhtəşəm qol vurdu ki, hətta özündən bunu necə bacardığını soruşduq”.