"Qarabağ" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Kəopəz"ə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qalibiyyət əldə etdilər. Bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur. Deyiləcək bir söz yoxdur.
- Məğlubiyyətin əsas səbəbi nədir?
- Sadəcə rəqib qalib gəldi. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodlarımız oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.
- Meydançanın ot örtüyü oyununuza necə təsir etdi?
- Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.
- Bu mövsüm "Kəpəz"ə ikinci dəfə məğlub olduz. Rəqib sizə qarşı daha motivasiyalı olur, yoxsa komandanızda arxayınlıq var?
- Biz qətiyyən rahat deyilik. Əvvəlki oyunda komanda bir az yorğun idi. Bugünkü matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər.
- Penalti gözlədiyiniz epizodla bağlı fikirləriniz necədir?
- Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.
- Epizoda baxmısız?
- Baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək də nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun.
- Rəhim Həsənov adətən hakimlərin qərarını təsdiqləyir...
- Təsdiqləyəcək. Ona görə də çox da üzərinə getmək lazım deyil.
- Çempionluq mübarizəsi davam edir?
- Mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydir ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz "Sabah"a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq.
- Şahruddin Məhəmmədəliyev milli komandaya dəvət olunub. Onun idman forması necədir?
- Dəvət ediblər ki? Tam hazır deyil.
- Komanda ilə məşq edir?
- Texniki məşqlər edir. Oyun məşqlərində olmur. Ola bilər təcrübəsinə görə dəvət olunub.
- Nə vaxt meydana çıxa bilər?
- Fasilədə komanda ilə tam məşqlərdə olmalı idi.
- Gənc oyunçulara az şans verməyinizin səbəbi nədir?
- Elə periodda idik ki, risklərə ehtiyac yox idi. Çempionlar Liqasından sonra kollektivdə yorğunluq var idi. Bütün futbolçuların idman formasını yaxşılaşdırmağa çalışırdıq. Qarşıdakı oyunlarda şans verə bilərik. İstənilən halda hamı hazır olmalıdır. Kim hazır olsa, meydanda o da olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi
