Azərbaycan millisinin müdafiəçisi: "Turnirin qalibi olmaq istəyirik" - MÜSAHİBƏ

14:22 - 22 Mart 2026

"Zirə"nin kapitanı Qismət Alıyev Sportal.az saytına müsahibə verib.

- "Zirə" "Karvan-Yevlax"la matçda qələbə qazanmağı bacardı. Matçın çox çətin alınmasının səbəbi meydançada, yoxsa rəqibin müqaviməti idi?

- Səfərə gəlməmişdən əvvəl bilirdik ki, bizi çətin oyun gözləyir. Komanda şəklində oyuna çox istəkli hazırlaşırdıq. Son oyunlarda “Karvan-Yevlax” çox inamlı çıxış edirdi. Məğlub olduqları görüşlərdə belə, qələbəyə yaxın olublar. Onlar üçün hər xal qızıla bərabərdir. Bizə qarşı da yaxşı oyun sərgilədilər. Biz də vacib qol vuraraq, önəmli qələbə qazandıq.

- Bu matçda məhsuldar ötürmə ilə yadda qaldın və çox sevindin. Yəqin ki, buna səbəb çox ağır oyunda bu cür vacib qolun vurulması idi?

- Bəli, çox ağır oyun gedirdi. Yaxşı qol imkanlarımız olsa da, fərqlənə bilmirdik. Qola da bu cür sevinməyim bununla əlaqədar idi.

- "Zirə" hazırda 4-cü pillədədir. Komandanın bu ana qədər olan çıxışını necə dəyərləndirirsən? Daha yaxşısını ehtimal edirdiniz, yoxsa bu da yaxşıdır?

- Hazırda 4-cü pillədəyik. 42 xal toplamışıq. Bunu normal hesab edirəm. Amma təbii ki, bundan da yaxşısını edə bilərdik. İndiki mövqeyimizdən daha yuxarıda qərarlaşmaq olardı. Amma arıq oyunlar geridə qalıb. Mövsümün sonuna yaxınlaşırıq. Son matçlardakı səhvlərimizin üzərində işləyib, qarşıdakı görüşlərdə də qələbə qazanaraq, daha da üst pilləyə qalxmağı qarşıya hədəf qoymuşuq. 

- "Zirə"nin bu mövsümü avrokuboklara vəsiqə ilə bitirəcəyinə inanırsan? Komanda hələ "Turan Tovuz"la 3-cülük mübarizə aparır. "Zirə"nin artıq stabil olaraq hər mövsüm Avropaya vəsiqə qazanması, bu təcrübə mübarizədə sizə kömək olacaq?

- Çempionatın indiki vəziyyətində avrokuboklar üçün oynayan 5 rəqib var. Son matçlar yaxınlaşdıqca kim soyuqqanlı, formada olacaq, o da Avropaya vəsiqə qazanaq. İndiki vəziyyətdə biz yalnız qarşıdan gələn matçlara köklənmişik. Neçə illərdir ki, avrokuboklarda iştirak edirik. Bu mövsüm də qarşımıza eyni məqsədi qoymuşuq.

- Azərbaycan millisinin oyunlarına görə çempionata fasilə veriləcək. Milli komandaya da dəvət edildin...

- Təbii ki, dəvət edildiyim üçün şadam. Məşqlərdə və oyunlarda millimiz üçün əlimdən gələni etməyə çalışacam. 

- Milli komandamızı qarşıda "FİFA series" turnirində Sent-Lüsiya ilə və qalib gələrsə, finalda görüş gözləyir. Necə düşünürsən, millimiz bu turnirdə uğurlu çıxış edə bilər?

- Millətlər Liqası öncəsi millimiz üçün sınaqdır. Dəvət edilən hər bir futbolçu üçün da şansdır. Özünü göstərmək baxımından. Dörd komandadan ibarət turnirdir. Millidə bütün oyunlar vacibdir. Bu turnirin qalibi olmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti