Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun Elmar Baxşıyevin "Araz Naxçıvan" klubundan istefaya göndərilməsi barədə danışıb. E.Baxşıyev 2025-ci ilin dekabrında vəzifəsindən azad olunub, onun yerinə ukraynalı Andrey Demçenko təyin edilib.
Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" klubunun faktiki sahibi olan Zaur Axundov QOL.az saytına müsahibəsində Baxşıyevlə bağlı məsələyə münasibət bildirərkən deyib:
"Bu, futbolda olan hallardır. Elmar Baxşıyevlə aramızda hər hansı bir narazılıq yoxdur. Lakin belə qərara gəldik ki, Baxşıyevlə yollarımızı ayıraq. Bu, klubun daxilində olan məsələlərdir. Mən günahkar axtarmıram. Buna normal hal kimi yanaşıram. Bu məsələnin hələ də gündəmdə qalmasını da başa düşmürəm. Yenə də Elmar Baxşıyevə yaxşı mütəxəssis kimi baxıram. Futboldur, bəlkə gələcəkdə yenə də yollarımız kəsişə bilər. Lakin baş məşqçi məsələsi artıq qapanıb".
Z.Axundov Elmar Baxşıyevin dövründə komandaya yaxşı əcnəbi futbolçular cəlb olunduğunu söyləyib: "Bəli, yaxşı legionerlər gəldilər, lakin tutuzdura bilmədilər. Demçenkonun da qış fasiləsində komanda ilə birgə 10-12 gün vaxtı oldu. Bütün günahı məşqçilərin üzərinə atmaq olmaz. Düzdür, nəticə uğursuzdursa, bunda baş məşqçinin də payı var. Biz yayda heç bir futbolçunu baş məşqçinin razılığı olmadan transfer etməmişik. Hər bir futbolçuya Elmar Baxşıyev, Rasim Ramaldanov, Ceyhun Sultanov birgə baxıblar. Yəni hər biri baş məşqçinin istədiyi futbolçular idi. Lakin mən bu transferləri uğursuz sayıram. Demçenko Keytanı hər matçda oynadır, Elmar Baxşıyev isə ona şans vermirdi. Bir dəfə hətta ona sual verdim ki, biz pul verib Keytanı ehtiyatda oturtmaq üçün gətirmişik? Elə idisə, həmin pula 2-3 azərbaycanlı götürərdik, komandada püxtələşərdilər".
Z.Axundovun sözlərinə gorə, heç bir transfer o vaxtkı baş məşqçinin razılığı olmadan reallaşdırılmayıb: "Məsələn, hazırda “Şamaxı”da əla çıxış edən Dioqo Balau, yaxud Karim Rossi daha əvvəl bizə təklif olunsa da, Elmar Baxşıyev onlardan imtina etmişdi. Halbuki bu gün hər ikisi “Şamaxı”da aparıcı futbolçulardır. Bunu deməkdə məqsədim odur ki, transferlər baş məşqçinin razılığı olmadan gerçəkləşməyib".
saytlarin hazirlanmasi
