"Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var" - Rəşad Sadıqov

22:22 - 13 May 2026

Bu gün Azərbaycan Kubokunun final görüşü keçirilib. Həlledici görüşdə "Sabah" və "Zirə" komandaları qarşılaşıb. Matç Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"Oyun bizim üçün yaxşı başladı. Qol vurub, fərqləndik. 30-35 dəqiqə etibarlı müdafiə olunduq. Birinci hissənin sonunda rəqibə 2 qol epizodu verdik. O dəqiqələrə qədər təhlükəli hücumlarımız var idi. İkinci qolu vurmaq imkanımız var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Daha etibarlı keçirdi hər şey. 100 faizli qol epizodu vermirdik. O dəqiqələrdə rəqibin fantastik qolu oldu. Sonrakı dəqiqələrdə hücumda fəallaşdıq. İkinci qolu əks-hücumda buraxdıq. Futbolçularıma təşəkkür edirəm. Çox güclü rəqibə qarşı oynadıq. Hər şeyi etdilər ki, sevinən tərəf biz olaq. Amma vurulan qollar çox sualların cavabı idi. Yüksək ustalıqla vuruldu. Bu da rəqibin nə qədər güclü olduğunu göstərir".

- Erkən dəqiqələrdə Qismət Alıyevin sarı vərəqə alması oyuna nə dərəcədə təsir etdi?

- Epizodu görməmişəm. Hakimlikdən danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Yaxşı qələbə qazandılar, yaxşı fürsətləri var idi ki, qızıl dubl etsinlər.

- Oyun müəyyən dərəcədə "Zirə"nin futbolçularına psixoloji təsir etməlidir. Çempionatda hələ heç nə bitməyib. Yoxsa, başqa cür düşünürsüz?

- Başqa cür düşünmürük. Sona qədər mübarizə aparacağıq. Başa düşürük ki, rəqib bizdən üç xal öndədir. Bizi "Araz-Naxçıvan" və "Sumqayıt"la ağır oyun gözləyir. Özümüzdə güc tapıb, çalışacağıq ki, sona qədər oynayaq.

- Artıq üç finalda uduzmusuz. Daha yüksək büdcəli, daha güclü klubla fərqli nəticələr qazana bilərdi Rəşad Sadıqov?

- Onu əvvəlcədən demək olmaz. Ola bilərdi ki, biz güclü olardıq, istədiyimizi edə bilməzdik. Amma üç finala da baxsaz, bəzi şeylər bəlkə də uğurlu getsəydi, üçündə də qalib olardıq. Üç final arasında oxşarlıq var. 12 yarışdan 6-da mükafatlar uğrunda mübarizə aparmışıq. 6 ilə qüruruvericidir. Futbolçularımla fəxr edirəm. Titul yoxdur, amma onu da başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var.

Mirbağırağa

Xəbər xətti