"İndi biz "Rapid" yox, "Paide" haqda düşünürük" - "Zirə"nin qapıçısı

14:32 - 23 İyul 2026

"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib.

- "Torpedo" səddini sanki rahatlıqla keçdiniz. Bu cür hesablarla qalib gələcəyinizi ehtimal edirdin?

Oyuna hazırlaşmağa vaxtımız az olmuşdu. Çünki avrokubok xəbəri ani gəlmişdi. Amma buna baxmayaraq, biz oyuna yaxşı hazırlaşdıq. "Torpedo"nu da yaxşı analiz etdik. Meydana hər oyuna qələbə üçün çıxırıq. Avrokuboklarda da hər nəticəyə hazır olmalısan. Şükürlər olsun ki, yaxşı oyun göstərərək, uğurlu qələbə qazandıq.

- Qarşıda sizi "Paide" ilə görüş gözləyir. Estoniya klubu haqda heç eşitmişdin, hansısa məlumatın var idi?

Düzü, "Paide" haqda 1-2 dəfə eşitmişdim. Ancaq düzü, onların necə futbol oynaması barədə məlumatım yox idi. Oyuna doğru rəqibi analiz edirik. Estoniyada yaxşı nəticə qazanmağa çalışacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- Səncə, estonları səfərdə məğlub etmək, ümumiyyətlə bu rəqibi keçmək mümkün olacaq?

Futboldur, hər şey ola bilər. Məqsədimiz 3-cü təsnifat mərhələsinə keçməkdir. Biz də çalışacağıq ki, maksimumuzu ortaya qoyaq. İndi birinci hədəfimiz Bakıya uğurlu və sərfəli nəticə ilə geri qayıtmalıyıq. Bunu edəcəyimizə çox inanırıq.

- Yəqin ki, iki görüşdə də qapını toxunulmaz saxlamağın özünəinamını da daha da artırıb?

Düzdür, qol buraxmamaq yaxşıdır. Amma əsas məqsədimiz qələbə qazanmaq, komandanın yaxşı nəticə verməsidir. 

- "Zirə" "Paide" səddini keçərsə, "Santa Kalomo" - "Rapid" cütünün qalibi ilə qarşılaşacaq. Necə düşünürsən, püşk münasibdir, yoxsa heç bu haqda düşünmürsüz də hazırda?

Bəli, püşkatmada hansı komandalarla düşə biləcəyimizi gördük. Amma açığı, indidən o haqda heç düşünməmişik, oyunlara da baxmamışıq. "Rapid" haqda məlumatım yoxdur. Klub olaraq təbii ki, tanıyıram. Amma necə oynadıqları haqda bilgim yoxdur. İndi biz daha çox "Paide"ni düşünürük. Onları keçdikdən sonra növbəti mərhələdəki rəqibimiz haqda fikirləşəcəyik.

Mirbağırağa

Xəbər xətti