"Mahir Emreli "Rakuv"un heyətində bombardir də ola bilər, Polşaya geri qayıtmasına çox sevindim"

16:33 - 26 İyul 2026

"Mahir Emreli əla klubla anlaşdı. O, komandaya bir neçə turnirdə kömək etməlidir. Bura Ekstraklassa, Konfrans Liqası, Polşa kuboku daxildir. Əminəm ki, Mahir bombardir adı uğrunda da mübarizə aparacaq və buna çata da bilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında Lukas Sapela deyib. Azərbaycanda qolkiper kimi çıxış etmiş polşalı hazırda ölkəsində qapıçı məşqçisi kimi çalışır.

Son olaraq, Polşada "GKS Belşatov" klubunda işləmiş Sapela millimizin forvardının "Rakuv"da bombardir olacağına da inandığını deyib:

"Təəssüf ki, Mahir o vaxtı "Legiya"nı tez tərk etmişdi. Çünki orada da çox yaxşı oynayırdı. Hər halda, artıq bunlar geridə qalıb. İndi "Rakuv"un futbolçusudur və əminəm ki, komandanın yüksək yerlərdə olması üçün köməyini əsirgəməyəcək. Onun geri qayıtmasına çox sevindim .Şadam ki, onun Polşadakı uğurlarını canlı izləyə biləcəm. Bu gün "Rakuv" - "Visla"(Plok) matçına yollanmağı planlaşdırıram. 85 kilometr yol qət etməliyəm. Amma Mahiri canlı görmək və onunla orada görüşmək üçün bunu edəcəm. Polşadakı durumu, yaşayışı ilə bağlı danışacam, kömək etməyə hazır olduğumu da ona bildirəcəm".

43 yaşlı veteran futbolçu 2012-2014-cü illərdə "Rəvan"(Bakı) klubunun qapısını qoruyub. O, "Olimpiya", "Resoviya"da məşqçi kimi çalışıb.

Mirbağırağa
 

Xəbər xətti