Qırğızıstanın "Ozgon" klubunda legioner həyatı yaşayan Ramin Əhmədov Sportal.az saytına müsahibə verib.
- Son turda “Abdış Ata”ya 5:0 qalib gəldiniz. Həmin matçdakı qalibiyyəti necə şərh edərdin?
- "Abdış Ata"ya qarşı qələbə bizim üçün çox vacib idi, 5:0-lıq qalibiyyət bizə daha çox inam gətirdi. Oyuna çox ciddi hazırlaşmışdıq və əsas məqsədimiz ilk dəqiqələrdən oyuna nəzarət etmək, öz futbolumuzu göstərmək idi. Komanda olaraq həm hücumda, həm də müdafiədə yaxşı çıxış etdik və bunun nəticəsində belə böyük hesablı qələbə qazandıq. İki turdur ki, ardıcıl qələbə qazanırıq. Son 6 turda çox yersiz 3 məğlubiyyət yaşadıq. Halbuki, bütün matçları uda bilərdik. Çünki həqiqətən yaxşı komandımız var.
- Bu görüşdə də qol vurdun və bu mövsüm çempionatdakı 10-cu qolun oldu. Öz performansını necə dəyərləndirirsən? Bu mövsüm özün üçün hər şey yaxşıdır?
- Bu mövsüm ümumilikdə hər şey yaxşı gedir. Özümü həm fiziki, həm də mental olaraq yaxşı hiss edirəm və hər oyunda komandaya maksimum kömək etməyə çalışıram. Əlbəttə ki, 10 qol vurmağım xoşdur. Amma mövsüm hələ bitməyib və qarşıda daha çox qol vurmaq istəyirəm. Bombardirin 15 qolu var, ancaq mən hücumçu deyiləm(gülür), yarımmüdafiəçiyəm, hədəfim bombardir olmaq deyil. Komandama faydalı olub, legioner kimi ilk çempionluğumu qazanmaq istəyirəm.
- Komandanın çempionluq şansı nə qədərdir? Birinci pillədəsiniz. Ən yaxın izləyiciniz və ən təhlükəli rəqibiniz hansı komandadır?
- Hər şey özümüzdən asılıdır. Bu il çempionat həqiqətən də maraqlı gedir. Təsəvvür edin ki, ilk "altılıq"da qərarlaşan bütün komandaların çempion olmaq şansı var. Allah qoysa, bu il çempion olarıq.
- Azərbaycan Premyer Liqasına bu yay geri qayıtmaq imkanın oldu?
- Bəli, bu yay təkliflərim olmuşdu. Ancaq hələ ki geri qayıtmaq barədə düşünmürdüm. Həm də komanda ilə dekabr ayına qədər müqaviləm var. Mövsümün sonunda görəcəyik. Xeyirlisi nədirsə, o da olsun.
- Bu il çempionatda 10 qol vurmağın, uğurlu çıxışın səni Azərbaycan millisinə apara bilər? Ayxan Abbasovun səni milliyə çağıracağına ehtimal edirsən?
- Əlbəttə, hər bir futbolçunun arzusu öz millisinin formasını geyinməkdir. Məncə, Ayxan Abbasov bütün futbolçulara diqqətlə yanaşır. Onunla "Şamaxı"da birlikdə çalışmışıq. Həmin vaxt bəzi problemlərim oldu. Hər şey istədiyim kimi alınmasada, söhbətlərimiz zamanı Ayxan müəllim mənə potensialım barədə fikirlərini bildirmişdi. Hətta Qırğızıstana getməzdən əvvəl bir qədər forma toplamaq üçün Ayxan müəllimdən "Şamaxı"nın məşqlərinə qoşulmağa icazə istəmişdim. O da sağ olsun, heç bir problem olmadığını və gəlib məşq edə biləcəyimi demişdi. Bu, mənim üçün böyük kömək oldu və ona minnətdaram. Allahdan xeyirlisi nədirsə, o da olacaq. Qismətimizdə varsa, millidə oynamaq da nəsib olar.
Mirbağırağa
saytlarin hazirlanmasi
