"Bu mövsüm bizim üçün asan rəqib deyəcəyimiz komanda yoxdur" - "Kəpəz"in futbolçusu

13:22 - 15 Oktyabr 2026

"Araz-Naxçıvan"la görüşdə çox vacib qələbə qazandıq. Bu 3 xalın səfərdə qazanılması daha da önəmli idi. Komanda hər oyunda olduğu kimi bu oyunda da sona qədər mübarizə aparıb qalibiyyəti əldə etdi. Bu mövsüm bizim üçün asan rəqib deyəcəyimiz komanda yoxdur. Hər rəqib bizim üçün güclüdür. Kim daha çox istəyir, meydançada mübarizə aparırsa, o komandada daha çox avantajlı olur. Ona görədə hər rəqibə hörmətlə və ciddi yanaşırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Vadim Abdullayev deyib.

O, Gəncədəki oyunlar zamanı azarkeşlərin yaratdığı atmosferdən də bəhs edib: “Atmosfer hamıya bəllidir. Buradakı futbol ab-havası möhtəşəmdir. Azarkeşlər möhtəşəmdir, komandanın yanında sona qədər dəstək olurlar. Biz də onlar üçün çalışırıq ki, eyni əzmi meydançada onlara geri qaytaraq. Qarşıdakı oyun da istisna olmayacaq. Çempionatın əvvəlində bu qədər xal toplamağımız yaxşıdır. Allah qoysa, ardı da gələr. Hələ ki mövsümün əvvəlidir, hər şey mümkündür. Ancaq irəli baxmaq, daha çoxunu istəməliyik ki, sonda da hədəfimizə çataq".

Abdullayev Misli Premyer Liqasının 8-ci turunda qarşılaşacaqları “Zirə” ilə görüş barədə də fikirlərini bildirib: “Şans həmişə var. Vurğuladığım kimi, bizim üçün bütün rəqiblər güclüdür. Sadəcə hər oyunun öz hökmü var, zaman göstərəcək. “Zirə” çempionatımızın ən keyfiyyətli komandalarından biridir və neçə illərdir öz dəst-xətti, stabilliyini saxlayan kollektivdir. Ciddi hazırlaşırıq, bilirik ki, ağır oyun olacaq”.

Mirbağırağa
 

Xəbər xətti