"Şəfa"nın rumıniyalı futbolçusu Andrey Draqu Sportal.az saytına müsahibə verib.
- “Şəfa” bu gün ölkə kubokunda “Ağstafa Gəncləri” komandası ilə qarşılaşacaq. Aşağı liqa təmsilçisi ilə görüşdə yəqin ki, qələbə qazanacağınıza şübhəniz yoxdur?
- Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, asan oyun olmayacaq. Lakin qələbə qazanmaq və növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik.
- “Şəfa” çempionatda yaxşı çıxış etmir. Hazırda vəziyyətiniz necədir?
- Əlbəttə, nəticələr istədiyimiz kimi deyil və komandada ab-hava da o qədər yaxşı deyil. Amma biz səylə çalışmağa və bir-birimizi dəstəkləməyə davam edirik.
- Komanda üçün ölkə kubokunda irəliləmək nə dərəcədə prioritetdir?
- Kubok bizim üçün çox vacibdir. Mümkün qədər irəliləmək istəyirik, buna görə də hər oyunda var gücümüzlə mübarizə aparacağıq.
- Premyer Liqada işlərinizin qaydasında getməməsinin səbəbi nədir? Səncə, niyə qələbə qazanmaq alınmır?
- Hansısa bir səbəb göstərmək çətindir. Çətin anlarımız oldu, bəzən isə kiçik detallar həlledici rol oynayır. İşləməyə davam etməli və daha stabil çıxış etməliyik.
- Ümumiyyətlə, Azərbaycan Premyer Liqası haqda fikrin necədir? Rumıniya çempionatından çox fərqlənir?
- Düşünürəm ki, Azərbaycan Premyer Liqası yaxşı komandaların və keyfiyyətli oyunçuların olduğu rəqabətli çempionatdır. Rumıniya ilə müqayisədə bəzi fərqlər var. Lakin hər iki liqanın özünəməxsus çətinlikləri mövcuddur.
- İlk dəfə legioner həyatı yaşayırsınız. Bu mənada çətinlik çəkmirsizki, yoxsa Azərbaycana, çempionata öyrəşdiniz?
- Əlbəttə, yeni ölkəyə köçmək müəyyən vaxt tələb edir. Amma mən artıq yaxşı uyğunlaşıram. Komanda yoldaşlarım mənə çox kömək etdilər, bu da hər şeyi asanlaşdırdı. Onların dəstəyinə görə minnətdaram və inkişafımı davam etdirmək üçün əlimdən gələni edirəm.
- Azərbaycanda hansı komandaya qarşı oynamaq sizin üçün daha çətindir?
- Liqada bir neçə güclü komanda var. Lakin hesab edirəm ki, keyfiyyəti və təcrübəsi səbəbindən "Sabah" ən çətin rəqiblərdən biridir.
Mirbağırağa
saytlarin hazirlanmasi
