"Qarabağ" klubu bütün xərcləri öz üzərinə götürüb"
“Qarabağ” – “Dnepr”in oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda dəmir qapının aşması nəticəsində xəsarət alan Samir Miriyev bu gün əməliyyat olunub. O, reanimasiya şöbəsinə yerləşdirilib və durumunda heç bir problem yoxdur.
Bu bardə Qol.Az saytına Samirin atası Valeh Miriyev məlumat verib.
V.Miriyev oğlunun xəsarət aldığı gündən “Qarabağ” klubunun onun yanında olduğunu və hər cür köməklik edildiyini bildirib: “Baş məşqçi Qurban Qurbanov və klubun digər rəsmiləri Samirin vəziyyəti ilə yaxından maraqlanır. Onlar bir neçə dəfə xəstəxanaya gəliblər. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov hazırda yanımdadır. Sağolsun “Qarabağ” klubu. Bütün xərcləri öz üzərinə götürüb. Klubdan hər cür dəstək gördük. Tofiq Bəhramov adına Respublika stadionun direktoru Akif İsmayılov da bizə baş çəkib. O, da maddi və mənəvi dəstəyini əsirgəmir”.
Xatırladaq ki, S.Miriyev kəllə-beyin travması alıb, omba və diz sümüyü qırılıb.