Tomas Bendiksen: Vaqif Cavadovun zərbələri təhlükəlidi

19:55 - 13 Noyabr 2014

"Sizin futbolçular daha çox texniki futbola üstünlük verirlər"

 

“Sizin komanda ilə oyunumuz heç də asan olmayacaq”. Bunu apasport.az saytına açıqlamasında “Tromse” klubunun və Norveç millisinin sabiq yarımmüdafiəçisi Tomas Bendiksen deyib.

 

2012-2013 mövsümündə Avroliqanın II təsnifat mərhələsində Bakı “İnter” ilə üz-üzə gələn Norveç təmsilçisinin futbolçusu ölkəsinin yığma komandasının AVRO-2016-nın seçmə mərhələsində millimizə qarşı keçirəcəyi oyundan danışıb. O bildirib ki, ötən il Azərbaycanda keçirdikləri oyunu yaxşı xatırlayır:

 

“İnter”lə oyunu yaxşı xatırlayıram. Azərbaycanlı azarkeşlər komandalarına əla dəstək vermişdilər. Biz oynamaq asan olmamışdı. Millimiz üçün də çətin səfərdi. Sizin futbolçular daha çox texniki futbola üstünlük verirlər. Əgər Norveç yığması Bakıda qələbə qazanmaq istəyirsə, hücum futbolu oynamalıdı. Milliniz son görüşdə Xorvatiyaya 0:6 hesabı ilə uduzdu. Fikrimcə, sizin komandada əhval-ruhiyyə yaxşı deyil. Biz isə qrup mərhələsinin son iki matçında qalib gəlmişik. Bu amil Bakıda qələbə qazanmağımıza kömək edə bilər. Azərbaycanlılar özlərinə gəlmək üçün bizimlə oyunda yaxşı nəticə əldə etməlidilər. Lakin ümid edirəm ki, komandamız oyuna nəzarət edəcək və 3 xalı qazanacaq”.

 

Bendiksen millimizin bəzi üzvlərini tanıdığını sözlərinə əlavə edib: “İnter”in heyətində bizə qarşı oynayan və millinizin üzvü olan Vaqif Cavadovu yaxşı xatırlayıram. Çox təhlükəli futbolçudu. Məncə, yığmamız ona nəzarət etməlidi. Uzaqdan yaxşı zərbələr vurmağı sevir. Belə zərbələrin də hər an qol olma ehtimalı var. “Karslue”nin futbolçusu (Dimitri Nazarovu nəzərdə tutur – red.) var, sizin millidə oynayır. İtaliya və Xorvatiyaya qarşı matçlarınıza baxanda onun oyunu diqqətimi çəkdi. Güclü yarımmüdafiəçidi”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da saat 21:00-da “Bakcell Arena”da start götürəcək.

Xəbər xətti