İcraçı direktordan açıqlama
“Mətbuat vasitəsilə klubdan narazılıq bildirmək heç bir futbolçuya yaraşmaz. Nurlan Novruzov gəncdi, bilmir nə var, nə yox. Haqsız yerə bu cür danışmasını qəbul etmirəm”.
Sportal.az xəbər verir ki, bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
“Bakı”nın hücumçusu Nurlan Novruzov əməkdaşımızla söhbətində klubun ona borclu olduğunu və bu üzdən də ora qayıtmayacağını bildirmişdi. Seyidov isə futbolçunu yalan danışmaqda ittiham edib: “Bakı”nın Nurlana borcu yoxdu. Yaxşısı budu, Nurlan “Bakı”dan aldığı pulun miqdarını açıqlasın, onda biləcəksiz ki, kim yalan danışır. Nurlanın son iki ildə aldığı əməkhaqqının cədvəli mühasibatlıqda var. İstəsəz, onun aldığı maaşın sənədlərini göstərə bilərəm. Özü də hamısına qol çəkib”.
Seyidov həm Novruzovun, həm də digər futbolçuların başqa kluba keçidinə problem yaratmayacaqlarını da əlavə edib: “Təbii ki, bunun üçün bizim tələb etdiyimiz kompensasiyanı ödəmək şərti ilə. Bizə 2-3 futbolçumuz üçün təklif də gəlib. Nurlan və ya Rəhmana hansısa klub 200 min manat maaş təklif edə bilər. Bəs 5-6 il bu futbolçuların yetişməsində əməyi olan klub kompensasiya tələb etməməlidi? Biz bu oyunçuları istədikləri vaxt çıxıb getmələri üçün yetişdirmirik”.
“Bakı”nın icraçı direktoru “Neftçi”yə keçən Aqil Məmmədovu da unutmayıb. O, qapıçını nümunə kimi göstərib: “Aqilə klubun borcu var idi. Amma o, dedi ki, bu klubun üzərimdə əməyi böyükdü. Aqil o puldan imtina elədi. Biz də bu mərd davranışına görə transfer vərəqəsini verdik. Sabah klubun vəziyyəti düzəlsə, Aqil kimi komandaya sadiq qalan futbolçuları mütləq qaytarmağa çalışacağıq”.
Seyidov sonda menecerləri də günahlandırıb: “Etiraf edirəm ki, bizim 23 yaşdan yuxarı futbolçularla və legionerlərlə bağlı problemlərimiz var. Ümumiyyətlə, “Bakı”nın bu vəziyyətə düşməsinin bir nömrəli səbəbkarları menecerlərdi. Çünki onlar gətirdikləri legioner futbolçuların üzərindən klubdan külli miqdarda pul “qopardılar”.
Mənbə:apasport.az
saytlarin hazirlanmasi