Azərbaycan klubu Polşa komandasına qarşı heyətini açıqladı

18:40 - 5 Fevral 2015

Baku Fires - Rafako Hussars Poland: heyətlər məlumdur
 
Fevralın 7-də, saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun görüşü keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu Polşanın “Rafako Hussars Poland” komandası ilə qarşılaşacaq.
 
Komandaların heyətləri artıq məlumdur:
 
“Baku Fires” – “Rafako Hussars Poland”  
52 kq. Elvin Məmişzadə - Qrjeqorj Kozlovski  
60 kq. Albert Səlimov - David Miçelus   
69 kq. Pərviz Bağırov - Stiven  Donnelli   
81 kq. Soltan Migitinov - Jordan Kulinski   
+91 kq. Arslanbek Mahmudov - Mantas Valaviçius 
 
Polşa klubu ilə görüşdə komandamızın heyətində Pərviz Bağırov debüt edəcək. Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu Donnelli ilə üz-üzə gələcək. 
 
“Baku Fires”in heyətində Arslanbek Mahmudov cari mövsümdə 2-ci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq. Ötən il  Qroznıda Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən litvalı boksçu ilk görüşdə uduzmuşdu. Valaviçius 2013-cü ildə Neft Ölkələrinin Dünya Kubokunda milli komandamızın üzvü Kamran Mehdiyevə də məğlub olub.
 
Mahmudovdan başqa, Albert Səlimov da bu mövsüm artıq bir  qələbə qazanıb. Dünya və Avropa çempionumuz 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində və həmin il Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazanmış David Miçelusla üz-üzə gələcək. 
 
Birinci turda səfərdə Puerto Riko klubuna 2:3 hesabı ilə uduzan “Rafako Hussars Poland” 2-ci turda doğma arenada eyni hesabla “Astana Arlans”a məğlub olub. Polşa komandası ötən tur doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesablı qələbə qazanıb.
 
Bu həftə B qrupunda “Puerto Riko Hurricanes”  “Caciquez Venezuela”-nı, “Argentina Condors” “İtalia Thunder”i, “Astana Arlans” isə USA “Knockouts”u qəbul edəcək.  
 
Turnir cədvəli 
1. “Astana Arlans” – 9 xal,  (döyüşlərin nəticələri  15-11) 
2. USA “Knockouts” – 9,  (15-10)
3. “Rafako Hussars Poland” – 5, (15-9) 
4. “Baku Fires” – 5, (15-8)  
5. “Puerto Riko Hurricanes” – 5, (15-6) 
6. “İtalia Thunder” – 4, (15-8) 
7. “Venezuela Caciquez” – 4, (15-5) 
8. “Argentina Condors” – 0,  (15-3)
 
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xəbər xətti