Azərbaycan futbolunda biabırçı mənzərə: Müəmmalı siyahını kim tərtib edib?

21:50 - 31 Mart 2015

Sözün keçmirsə...

 

Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi açıqlanıb. Həmin tədbirə telekanallar, bəzi saytlar və qəzetlər dəvət alıb. Siyahıya nəzər saldıqda (siyahı yazının altında yerləşdirilib), seçimin hansı əsaslarla aparıldığını anlamaq olmur. Futbola laqeyd yanaşan bəzi telekenalların, idman saytları olmayan qurumların nümayəndələrinin dəvət aldığı tədbirdə futbol sahəsində aparıcı saytların olmaması absurd görüntü idi.

 

Sportal.az saytı olaraq, bu məsələ ətrafında araşdırma aparmalı olduq. Və daha absurd məqamlar ortaya çıxdı. Sən demə, “Neftçi”nin bu siyahıdan ümumiyyətlə xəbəri olmayıb. Klubun mətbuat xidmətindən siyahının kim tərəfindən hazırlandığı, seçimin hansı prinsiplərlə aparıldığından xəbərsiz olduqları deyildi.

 

Futbolinfo.az saytında tədbirin AFFA tərəfindən keçirilməsi, jurnalistlərin baş katib Elxan Məmmədovun sifarişi ilə çağırıldığı barədə yazı gedib. İnandırcı olduğu üçün bu variantı da araşdırmalı olduq və AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlunun fikirlərini öyrəndik:

 

“Bu tədbirin AFFA-ya heç bir aidiyyəti yoxdur. Həmin tədbiri “Neftçi” klubu təşkil edib. Hələ heç zaman heç bir klubun tədbirinə müdaxilə etməmişik”.

 

Bax belə. Olduqca gülməli, bəlkə də ağlamalı mənzərə. Ölkənin ən köklü klubunun tədbiri keçirilib, amma tədbirin kim tərəfindən təşkil olunduğu barədə heç kimin məlumatı yoxdur! Heç kim deyə bilmir ki, müəmmalı siyahı kim tərəfindən tərtib olunub.

 

Təəssüf ki, bu məsələdə bütün məsuliyyət “Neftçi”nin mətbuat katibi Gündüz Abbaszadənin üzərinə düşür. Hə, Azərbaycan reallıqlarını bilirik və anlayırıq ki, Gündüzlük heç nə yoxdur və hər şey yuxarıdan idarə olunur. Ancaq Abbaszadə sıradan bir mətbuat katibi deyil, o, Azərbaycanın tanınmış jurnalistlərindən biridir. İndi onun “Neftçi”də öz sahəsində belə söz sahibi olmaması kənardan çox pis görünür. Belə olmaz! Gündüzün sözü keçməyə bilər. Ancaq əbəs yerə deməyiblər ki, sözün keçmirsə, sözünü yox, yerini dəyiş!  

 

 

Sportal.az

Xəbər xətti