"Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq"
“Mənim arxamda oyunçular, prezident dayanır. Mən onlarla işdən əlavə, şəxsi münasibətlər saxlayıram. Odu ki, tək qalmaqdan qorxmuram. Öz işimi çox sevirəm və bundan qürur duyuram”.
Sportal.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün yığmamızla qarşılaşan İtaliya millisi 3:1 hesablı qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında “Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte bunları əlavə edib:
“Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Futbolçular gərək başa düşsünlər ki, bundan sonra da işləmək lazımdı. İnsanda həmişə ambisiya olmalıdı və bunun hesabına irəli gedilməli, müəyyən məsafə qət edilməlidi. Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq”.
- Oyunda nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi?
- Asan oyun deyildi, bunu hamı bilir. Amma biz öz oyunumuzla bu görüşü özümüz üçün asanlaşdırdıq. O mənada ki, düzgün strategiya qurduq, hücumlar həyata keçirdik. Xoşuma o gəlmədi ki, qol buraxdıq. Oyunu qol buraxmadan tamamlasaydıq, daha yaxşı olardı. Amma komandamızda ruh düşkünlüyü olmadı. Hesab bərabərləşdikdən sonra yenidən irəli atıldıq və daha 2 qol vurmağı bacardıq.
- Sevdiyiniz taktikalardan biri də 4-4-2-di. Onu İtaliya millisində tətbiq etmək çətin olmadı?
- Hamı bilir ki, mənim bu taktikadan xoşum gəlir. Bu, hücum taktikasıdı. Mən bunu bir çox komandalarda yoxlamışam. Amma hər komandada alınmır. Oyunçular bu taktikanı düzgün anlamalıdılar. İtaliya yığmasında bu taktiki sxemin seçilməsi əladı. Oyunçularımız bunu dərhal dərk edirlər və oyunda tətbiq edirlər.
- Futbol meydanından kənarda da məşqçilik etməyi bacarırsız?
- Mən meydandan kənarda insanlarla münasibəti o qədər də yaxşı saxlaya bilmirəm. Amma meydanda bunu bacarıram. Çünki öz işimi sevirəm.
- İtaliya yığması Avropa çempionatının final mərhələsində necə çıxış edəcək?
- Ola bilər ki, bir gün yaxşı oynayasan, bir gün pis. Burda psixoloji, fiziki amillər də rol oynayır. Təbii ki, burda rəqibin də rolu var. Futbol 2 nəfərə oynanılmır. Növbəti oyunumuz Norveçə qarşı olacaq. Bundan sonra güclü hazırlıq keçirməliyik. Əsas söz meydanda deyilir.
- Bu gün 3-cü qoldan sonra çox sevindiniz. Bunun səbəbi nə idi?
- Qələbə qazanmaq heç də asan deyil. Rəqibin kimliyindən asılı olmayaraq, qol vurmaq, qələbə qazanmaq sevindiricidi. Bizə hesab arasındakı fərqin artıq olması sərfəli idi.
(apasport.az)
saytlarin hazirlanmasi