1-ci diviziona düşsə, "Xəzər Lənkəran" dağılacaq? QEYD

11:24 - 27 Aprel 2016

"Rəvan"la xalları bərabər olsa...

 

Bu mövsüm “Xəzər Lənkəran” Premyer Liqanın ötən ilki “Bakı”sını xatırladır. Dəbdəbəli illərdən sonra miskin durumda mübarizə aparan “Bakı” Premyer Liqada yerini qoruya bilməmişdi. İndi də “Xəzər Lənkəran” oxşar duruma düşüb. “Rəvan”ın hesabından 6 xal silinməsəydi, Lənkəran klubu turnir cədvədlinin zirzəmisində tək sakin olacaqdı.

 

Futbol camiəsində gəzən söz-söhbətlərə görə, “Xəzər Lənkəran” 1-ci diviziona düşsə, dağılacaq. İddia olunur ki, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov onun adıyla bağlı klubun aşağı divizionda mübarizə aparmasına razı olmayacaq.

 

Məsələylə bağlı “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Hüseyn bəy bu məlumatı nə təkzib, nə də təsdiq etdi:

 

“Komandanın Premyer Liqada qalacağı və yaxud aşağı diviziona düşəcəyi təqdirdə, bütün müzakirələr mövsüm bitəndən sonra olacaq”.

 

Qeyd edək ki, Premyer Liqada sona 5 tur qalmış həm “Xəzər Lənkəran”, həm də “Rəvan”ın 14 xalı var. Qalan turlarda “Xəzər Lənkəran” evdə “Kəpəz” və “Sumqayıt”, səfərdə AZAL və “İnter”lə, “Rəvan” isə “İnter” və “Qarabağ”la evdə, “Sumqayıt” və “Kəpəz”lə səfərdə qarşılaşacaq. Və nəhayət son turda “Rəvan” paytaxtda “Xəzər Lənkəran”ı qəbul edəcək.  Onu da vurğulayaq ki, sonda “Xəzər Lənkəran” və “Rəvan”ın xalları bərabər olsa, şəxsi görüşlərdə qeydə alınan nəticələr nəzərə alınacaq. Geridə qalan 3 oyunun 2-i heç-heçə bitib, 1-də isə “Xəzər Lənkəran” qələbə qazanıb. 

Xəbər xətti