"Zirə"nin məşqçisi: "Klubda aparılan seleksiya işləri də özünü doğrultdu" MÜSAHİBƏ

12:35 - 27 Aprel 2016

"Çempionatın birinci yarısında Bonilla cəmi üç qol vurmuşdu"
 
“Zirə” klubunun məşqçisi Ayxan Abbasovun Sportal.az saytına müsahibəsini təqdim edirik.
 
Premyer Liqada sona 5 tur qalmış “Zirə” 2-ci pillədə qərarlaşıb. Mövsümü bu yerdə bitirə bilsəz, qarşıya qoyulan məqsədə artıqlamasıyla çatdığınızı deyə bilərsiz?
Bizi qarşıda çətin oyunlar gözləyir, turnir cədvəlindəki mövqeyimizi qorumaq asan olmayacaq. Ancaq mövsümü 2-ci yerdə bitirsək, bunu uğur hesab etmək olar. Təcrübəli yerlilər, gənclər və onlarla yanaşı legionerlərdən yeni qurulmuş heyətlə ilk mövsümdə belə nəticə qazanmağımız bizim üçün çox yaxşı nəticə oldu.
 
Avrokuboklarla bağlı məsələniz hələ də sual altındadır. Əgər vəsiqə əldə etsəz, bu komandayla nə qədər uzağa getmək olar?
Premyer Liqada ilk mövsümdə uğurlu nəticə qazandıq, ancaq avrokuboklarda səviyyə başqadı. İştirak hüququ qazansaq, orada daha çətin rəqiblərlə üzləşməli olacağıq. Hər şeydən əvvəl bu bizim üçün bir təcrübə olar. Ancaq istənilən halda qarşımıza bir neçə mərhələ keçmək məqsədi qoyacağıq.
 
Son zamanlar “Zirə”nin hücumçusu Bonillanın adı həm “Qarabağ”, həm də digər klublarımızla hallanır. Misal üçün, “Qarabağ”a getsə, onların oyun üslubuna uyğun gələr?
Çempionatın birinci yarısında Bonilla cəmi üç qol vurmuşdu və mətbuatda adı hallanmırdı. Qış fasiləsindən sonra isə qolları sıralamağa başladı, oyunuyla diqqətləri üzərinə çəkdi və indi onun adı həm “Qarabağ”, həm də digər klublarımızla yanaşı hallanır. Birincisi onu deyim ki, Bonillanın “Zirə” ilə müqaviləsi var. Hər hansı klub ona təklif göndərsə, son qərarı klubun rəhbərliyi verəcək. “Qarabağ”ın oyun üslubuna uyğun gəlib-gəlmədiyi ilə bağlı ən dəqiq fikri həmin klubun çalışdırıcısı deyə bilər. Qurban Qurbanov mətbuata açıqlamasında deyib ki, Bonilla ilə maraqlanmırlar. İstənilən halda çempionat hələ bitməyib və əlimizdən gələn hər şey edirik ki, son 5 turda Bonilla bütün diqqətini qarşıdakı oyunlara yönəltsin.
 
Mövsüm bitəndən sonra heyətdə hansı dəyişikliklər etməyi planlaşdırırsız?
İlk növbədə onu deyim ki, bu mövsüm üçün klubda aparılan seleksiya işləri də özünü doğrultdu. Legionerlərdən Yovan Krneta, Tato, İqor İvanoviç, Nelson Bonilla və Viktor İqbekoyi komandaya çox xeyir verdilər, yerlilərin də əksəriyyəti özünü doğrultdu. Növbəti mövsüm də bu səviyyədə çıxış etmək istəyiriksə, yeni oyunçular gətirməliyik. Mövsüm bitəndən sonra rəhbərliklə görüş olacaq, bundan sonra göndəriləcək futbolçuların mövqeyinə yeni gətiriləcək futbolçularla bağlı işə başlayacağıq. Əlbəttə ki, gözaltı etdiklərimiz var. Ancaq bütün qərarlar mövsüm bitəndən sonra veriləcək.

Xəbər xətti