"Qəbələdə dağların təmiz havasını alacağıq"
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Matçla bağlı fikirlərinizi bildirərdiniz...
- Bu gün yaxşı oynadıq. "Qəbələ" də yaxşı komandadı. Amma inanıram ki, cavab matçında qələbə qazanacağıq. Bu gün hər iki komandanın qol şansları oldu. Kubokun finalına layiq matç oldu. Bütün suallara Qəbələdə aydınlıq gələcək.
- Aleksey Qay sizinlə mübarizə zamanı yerə yıxıldı. Sizcə, hakim düzgün qərar verdi?
- Hakim təyin etməyibsə, demək ki, yox idi.
- Həmin epizodla bağlı sizin fikriniz necədir?
- Xeyr, penalti yox idi. Mən topa tullandım, Qay da özünü qırağa çəkdi. Sadəcə, Aleksey Qay ayağını mənə ilişdirdi və yıxıldı.
- Bu oyunda bəxtinizin gətirdiyini söyləmək olar?
- İlk 10-15 dəqiqədə sanki meydanda donmuşduq. Daha sonra oyunumuzu tapdıq. Fikrimcə, 1:1 hesabı pis nəticə deyil.
- Samir Zərgərovla mübahisən düşdü. Çox aqressiv idiniz...
- Bir gün həmin epizodla bağlı danışaram.
- Cari mövsümdə 9 sarı vərəqə almısan. Qapıçı üçün bu qədər sarı vərəqə almaq çox deyil?
- Razıyam, çox vərəqə almışam. Həmişə haqsızlığa etiraz etmişəm. Demək ki, epizodlar çox olur ki, bu qədər cəzalanıram.
- "İstefa" şüalarından sonra qol vurdunuz. Bunun sizə mənfi yoxsa, müsbət təsiri var?
- Həmişə azarkeşlərimizlə bir olmuşuq. Oyundan əvvəl də azarkeşlərimizlə görüşdük. İstəyirdik ki, qalib gələk.
- Şanslarınızı necə dəyərləndirirsən?
- 1:1 hedsabı sürüşkən hesab edilir. Cavab matçında yaxşı nəticə qazanmaq üçün çalışacağıq.
- Orada əvvəl çempionat, sonra kubok matçına çıxacaqsınız. Eyni komandaya qarşı ardıcıl üç oyun keçirməkdən bezməyəcəksiniz?
- Niyə bezirk ki? Qəbələdə dağların təmiz havasını alacağıq. Dağlar qoynunda kim sıxılar? Amma eyni rəqiblə ardıcıl oynamaq cansıxıcı olur. (gülür)
saytlarin hazirlanmasi