Aleksey Qayın sarı vərəqəsi ləğv olunacaq?

00:14 - 29 Aprel 2016

"Qəbələ" Apelyasiya komitəsinə şikayət edəcək
 
Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən "Neftçi" - "Qəbələ" ilk oyununda (1:1) FİFA referisi Əliyar Ağayev kobud səhvə yol verib. Matçın 74-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qay qapıçı ilə təkbətək epizodda olarkən "Neftçi"nin qolkiperi Aqil Məmmədov ona qarşı kobudluq edib. Hakim bu epizodu simulyasiya kimi qiymətləndirərək A.Qayı sarı vərəqə ilə cəzalandırıb. 
 
Komandanın rəisi Səbuhi Səfiyarlı Sportal.az-a açıqlamasında Qayın sarı vərəqəsinin ləğvi üçün bu gün Apelyasiya komitəsinə şikayət ünvanlayacaqlarını bildirib. Haqsız yerə göstərilə sarı vərəqənin ləğvinin istənilməsində isə əsas səbəb Qayın cavab oyununda sarı vərəqə alması təqdirdə futbolçunun final matçında cəzalı duruma düşməsidir. 
 
Qeyd edək ki, Apelyasiya komitəsi məhz bir neçə gün öncə baş hakim Ramil Diniyevin "Neftçi"nin futbolçusu Ruslan Qurbanova göstərdiyi sarı vərəqəni ləğv etmişdi, bu dəfə Qayın vərəqəsinin ləğvi gözlənilir.

Xəbər xətti