AFFA-ya son xəbərdarlıq
Adətən sakit, hüzurlu adamların əsəbiləşməyi çox pis olur. Səbir göstərir, təmkinli olur və bir gün elə partlayır ki, daha qarşısında dayanmaq olmur. “Qəbələ” klubunun prezidenti Tale Heydərovu da cəmiyyətdə hamı mədəni, təmkinli, abırlı, el dilində desək, üzüyola adam kimi tanıyır. Ancaq deyəsən artıq onun da səbri tükənib...
Dünən axşam saatlarında “Qəbələ” klubunun yaydığı bəyanat ölkə futbolu üçün həyəcan təbili oldu. Hakim ədalətsizliyindən zinhara gələn “Qəbələ” klubu fəaliyyətini dayandırmaq istəyir. Bəyanatdan hiss olunur ki, hakimlərin bu mövsüm “Qəbələ”nin başına açdığı oyunlar Tale Heydərova çox pis təsir edib. Bu illər ərzində Azərbaycan futboluna bu qədər pul yatırasan, mükəmməl infrastruktur yaradasan, uşaq futboluna belə diqqət ayırasan, sonda da kiminsə sifarişi ilə oyuna çıxan hakimin bir yanlış düdüyü bütün zəhmətini hədər etsin. “Neftçi” ilə oyunda Əliyar Ağayevin Qaya qarşı açıq-aşkar, yüz yox, bəlkə də min faizlik penaltini verməməsi klub rəhbərliyinin səbir kasasını daşırdı.
Tale Heydərov çox sinirlidi və artıq bu iyrənc oyunların içində olmaq istəmir. Adam haqlı, bəylər. Hələ mövsüm başlamamışdan qabaq qeyd eləmişdik ki, Elxan Məmmədov hər fürsətdə “Qəbələ” və “Qarabağ”a badalaq vurmağa çalışacaq. Mövsümün gedişində “Qarabağ”la bağlı vəziyyət bir qədər dəyişdi. Baş katib anladı ki, digərlərindən xeyli güclü olan “Qarabağ”ın qarşısını almaq çətin olacaq. “Qəbələ” isə mövsümün gedişində bir qədər büdrədi və bu kifayət elədi ki, AFFA rəhbərliyi yıxılana balta vursun. Bu minvalla “Qəbələ”nin xeyli xalının dalına keçən hakimlər indi də onların kuboka gedən yolunun qarşısını kəsmək istəyirlər. Əslində, bu, aysberqin görünən tərəfidi. Məsələ heç də AFFA – “Qəbələ” qarşıdurması deyil, bunu daha çox Elxan Məmmədov - Tale Heydərov mübarizəsi kimi xarakterizə etmək olar. Və bu münasibətləri gərginləşdirən adam Tale Heydərov deyil, onun özünü nə Elxan Məmmədova, nə də digərinə isbatlamaq kimi bir məqsədi yoxdur, heç ola da bilməz. Məmmədov isə əksinə, başqa sahələrdə olmasa da, sırf futbolda Heydərovdan daha bacarıqlı olduğunu nümayiş etdirmək üçün ən kiçik fürsəti də əldən vermir.
Tale Heydərov artıq AFFA-ya xəbərdarlıq edib. Qurumun de-yure rəhbəri olan Rövnəq Abdullayev də dəyərli vaxtını ayırıb futbolda baş verənlərlə maraqlansa, yaxşı olar. Klublarının əksəriyyəti dilənçi vəziyyətində olan Azərbaycan futbolu “Qəbələ” kimi iddialı klubu itirsə, Elxan Məmmədov yaxasını kənara çəkəcək və bütün məsuliyyət Rövnəq Abdullayevin üzərində qalacaq...
SPORTAL.AZ
saytlarin hazirlanmasi