Asif Məmmədov: "Hamı gördü ki, Əliyar Ağayev kobud səhvə yol verdi" MÜSAHİBƏ

11:45 - 29 Aprel 2016

"Zirə"yə çatmağımız çətindi"
 
“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov “Neftçi” ilə Kubokun ilk yarımfinal oyunundan (1:1) sonra Sportal.az saytına müsahibə verib.
 
- Təkcə ilk hissədə 4-5 yüzfaizlik qol imkanınız oldu, amma həmişəki kimi, istifadə edə bilmədiz.
- Düz deyirsiz, oyuna yaxşı başladıq, çoxlu qol imkanlarımız da oldu. Ancaq fürsətləri qaçırsaq da, səfərdə oynadığımıza görə nəticəni pis saymıram. Doğrudu, özümüz öz işimizi bir az çətinləşdirdik. Çünki qol vəziyyətlərimiz çox oldu, ona görə 1:1 hesabını yaxşı nəticə saya bilmərəm. Evdə də bizi çətin oyun gözləyir, inşallah, qalib gəlib finala çıxarıq.
 
- Roman Qriqorçuk ilk dövrədə, demək olar, sənə güvənmirdi. Ancaq son vaxtlar şans qazanırsan. Birdən-birə nə dəyişdi ki, Qriqorçuk səni oynatmağa başladı?
- Düzdü, ilk dövrədə çox şans qazanmırdım. İndi yəqin ki, baş məşqçi mənə inanır. Məşqlərdə də var gücümlə çalışıram, baş məşqçi görür ki, çox çalışıram. Qazandığım fürsəti maksimum dəyərləndirib hər zaman oynamaq istəyirəm. Start heyətindəki yerimi itirməmək üçün əlimdəni gələni edirəm.
 
- Əliyar Ağayevin səhv qərarının oyunun nəticəsinə neçə faiz təsiri oldu?
- Çox böyük təsiri oldu. Həmin dəqiqədə də Aqil Məmmədovun topa necə getdiyi açıq-aşkar görünürdü. O epizodda yüz faiz penalti verməli idi, lakin indi danışmağın mənası yoxdu. Gələcəkdə hakimlərin bizə qarşı belə səhvlər etməsini istəməzdim. Çünki nəticəyə birbaşa təsir etdi. 
 
- Səncə, hakimlər nəyə görə “Qəbələ”yə qarşı qərəzli mövqe tutur?
- İnanmıram ki, bizə qarşı qərəzli mövqe tutublar. Ya hakimlər görmür, ya da səhv edirlər. Istəyirəm ki, gələcəkdə belə səhvlər etməsinlər. Çünki hakimlərin səhvləri ucbatından kubokda finaldan uzaq qala bilərik, liqada aşağı pillələrə düşərik. Dəfərlələr belə səhvlər olub. Hamı gördü ki, Əliyar Ağayev kobud səhvə yol verdi. 
 
- Sənlə yanaşı, Samir Zərgərovla Aleksey Antonovun da 7-8 qol imkanı oldu. Mövsüm artıq başa çatır, avrokuboklara getmək istəyirsiz, şanslarınızı nə vaxta qədər sağa-sola xərcləyəcəksiz?
- Yaxşı ki, bunlar ölkədaxili yarışlarda olur (gülür). Yoxsa avrokuboklarda bu epizodları qaçırdığımıza görə bizi bağışlamazlar. Bunun üzərində işləmək lazımdı. Qol epizoduna giririk, ancaq lazım olan son nöqtəni qoya bilmirik. Qarşıdakı müddətdə bunun üzərində çalışmalıyıq.
 
- Aydındı ki, əsas məqsədiniz kuboku qazanmaqdı. Real götürsək, Premyer Liqada nəyə ümid edirsiz?
- Təbii ki, əsas hədəf ilk “üçlüy”ə düşməkdi. Bu gün desəm ki, ilk iki yer üçün oynayırıq, yalan olar. Çünki “Zirə”yə çatmağımız çətindi.
 
- "Neftçi” ilə matçdakı heç-heçənin səbəbkarı sizsiz, yoxsa Əliyar Ağayev?
- Həm onun, həm də bizim. Çünki əlimizə düşən qol imkanlarından yararlansaydıq, vəziyyət bu həddə çatmazdı.

Xəbər xətti