"Çempionatın sonunda "Xəzər Lənkəran"dan gedəcəm"

00:15 - 19 May 2016

"Məsuliyyətini dərk edirik"
 
"Komandada durum yaxşıdı. Bu gün məşqlərə başlamışıq. "Rəvan"la həlledici oyunumuz var. Son oyunumuzdu. Məsuliyyətini dərk edirik. Buna görə də hədəfimiz 3 xaldı. Çətin oyun olacağını bilirik. Buna baxmayaraq qələbə qazanmaq istəyirik".
 
Bu fikirləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Vaquf Güləliyev deyib.
 
Gənc futbolçu sonra fikirlərinə belə davam edib: "Qalib gəlib azarkeşlərimizi sevindirmək üçün sona qədər mübarizə aparacağıq. Biz çıxıb öz oyunumuzu oynayacağıq. Lisenziya məsələsini həll etmək rəhbərliyin işidi. Bu haqda heç nə deyə bilmərəm. Azarkeşlərimizə təşəkkür edirəm. Hər oyun gəlib bizi dəstəkləyirlər". 
 
23 yaşlı müdafiəçi mövsümün sonunda "Xəzər Lənkəran"dan ayrıla biləcəyini bildirib: "Çox güman ki, çempionatın sonunda komandadan gedəcəm. Amma hər şeyə "Rəvan"la oyundan sonra aydınlıq gələcək. Bir neçə Premyer Liqa klubundan təklif var. Hələ ki, bu haqda düşünmək tezdi. Bütün diqqətimi sonuncu oyunumuza yönəltmişəm".

Xəbər xətti