Tahir Gözəl: "Uyğun bir vaxtda sərhədə gedib, xalqla sevincimizi bölüşəcəyik"

00:26 - 21 May 2016

"Bugünkü "Qarabağ" ən güclü "Qarabağ"dı"
 
Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub. Sportal.az xəbər verir ki, "Qarabağ" son turda AZAL-la (3:0) matçdan sonra çempionluq kubokuna və qızıl medallara qovuşub.
 
Tədbirdən sonra müsahibə verən ağdamlıların vitse-prezidenti Tahir Gözəl çempionluğu şərh etməklə yanaşı, komandanın gələcək planlarından söz açıb:
 
- Çempion olduğumuz üçün sevincliyəm. Sevincimizin həddi-hüdudu yoxdu. Növbəti mövsümdə də yenə çempionluq uğrunda mübarizə aparacağıq. Hədəfimiz yenə də qızıl medallardı. 
 
- Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq üçün hansı işlər görüləcək?
- Komandanın heyətinə baxanda fikirləşirəm ki, bugünkü "Qarabağ" ən güclü "Qarabağ"dı. Düzdü, vaxtımız da azdı. Ancaq biz Qurban Qurbanova dəstək olacağıq. Allaha şükür, buna imkanımız çatır. Qalan işlər isə məşqçilərə aiddi. Biz öz dəstəyimizi əsgəməyəcəyik.
 
- Azarkeşlər çempionluq kubokunun Ağdama aparılmasını tələb edir. Onların çağırışına cavabınız necə olacaq?
- Böyük məmnuniyyətlə bunu edəcəyik. Biz Bakıda rahat, qorxmadan yaşayırıq. Bunu da sərhəddə xidmət edən əsgərlərə borcluyuq. Mənim digər istəyim də ondan ibarətdi ki, sevincimizi gedib əsgərlərlə bölüşək. Belə bir arzumuz var. Ölkə kubokunun finalından sonra uyğun bir vaxtda sərhəddə gedib, xalqla sevincimizi bölüşəcəyik.
 
- Büdcənin artırılması nəzərdə tutulub?
- Bizim büdcədə azalma olmayıb ki. Daima maliyyə durumumuz sabit olaraq qalıb. Baş məşqçiyə də demişəm ki, daha yaxşı futbolçuya ehtiyac olarsa, əlavə maliyyə dəstəyi verə bilərik.

Xəbər xətti