"Neftçi" büdcəni gizlədir, bəs, Çingiz Abdullayevin vicdanı sızlamır? QEYD

16:10 - 6 İyun 2016

Şəffaflıq harda qaldı?

 

Hələ Müşahidə Şurası yeni yaradılan zaman “Neftçi” rəhbərliyi şəffaflıqdan, açıq səhmdar cəmiyyətdən və s. məsələlərdən ağızdolusu danışırdı. Sonradan işlər düz getmədi. Vəziyyət o yerə çatdı ki, uğursuz nəticələrdən dolayı “Neftçi” tənqid olunanda Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev jurnalistləri vicdanlı olmağa çağırmağa başladı. Çingiz bəyin gözündə bütün mətbuat vicdansız idi, onun ətrafındakılar isə vicdanlı...

 

Həmin o vicdanlı bəylərin yer aldığı Müşahidə Şurası bir araya gəlib. Bəzi qərarlar veriblər və növbəti mövsümün büdcəsiylə bağlı detallı şəkildə müzakirə aparıblar. Ancaq mətbuata yenə büdcə ilə bağlı məlumat verilməyib.

 

İndi bizə çox maraqlıdır ki, niyə Çingiz Abdullayev kimi bir vicdanlı adam “Neftçi”nin büdcəsini gizlədir? Hərçənd, ötən mövsümün əvvəlində özü deyirdi ki, büdcə açıqlanacaq, vəsaitin hansı istiqamətdə xərcləndiyinə dair ictimaiyyətə açıqlama veriləcək. Bəs niyə açıqlanmır? İndi biz də deyirik ki, hörmətli Çingiz müəllim, adamın vicdanı olar. Çıxın, sözünüzə əməl edin. Hər halda söhbət sizin cibinizin pulundan yox, dövlətin pulundan gedir.

 

Büdcənin nə üçün açıqlanmaması yuxarı-aşağı bəlli məsələdir. Dəfələrlə yazmışıq ki, “Qəbələ” və “Qarabağ”dan sonra Premyer Liqada ən böyük büdcəyə malik klub “Neftçi”dir. Axı, indi necə çıxıb desinlər ki, 7 milyona yaxın pulun “başına daş salıblar”, nəticə isə son illərin ən zəif çempionatında 6-cı yer.

 

Yəqin ki, Çingiz Abdullayev daha heç vaxt idman mediasının qarşısına çıxıb vicdandan danışmayacaq. Hər halda, zərrə qədər vicdanı olan adam daha danışmazdı...

 

Sportal.az 

Xəbər xətti