UEFA ermənilərin təxribatını görmür - AFFA addım atacaq? - AKTUAL

11:36 - 31 Avqust 2021

UEFA bu dəfə də Ermənistan klubları ilə bağlı intizam işi açmadı. Baxmayaraq ki, bu ölkənin bütün klublarının avrokubok matçlarında “Dağlıq Qarabağ Respublikası”nın "bayraq"ları tribunalardan asılır. Son olaraq, UEFA Avropa Liqasının "Alaşkert" - "Reyncers" (0:0) görüşündə qondarma bayraq tribunalarda idi.

 

 

Nəzərə alsaq ki, Ermənistanın "Alaşkert" klubu Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, deməli, onlar bu təxribata davam edəcəklər. Hətta Ermənistan millisinin ev oyunlarını keçirdiyi "Vazgen Sarqsyan" stadionunda da bu hal hər oyun yaşanır. Ancaq UEFA bunu görmür və ya görmək istəmir.

 

Əgər xatırlayırsızsa, DÇ-2022-nin Ermənistan - Rumıniya komandaları arasındakı seçmə oyununda da yerli fanatlar təxribat etmişdi və AFFA bu səbəbdən FIFA-ya şikayət ünvanlayacağını açıqlamışdı.

 

Lakin görünən odur ki, ali futbol qurumları Azərbaycana qarşı təxribat, eyni zamanda separatçılığın aşkar təbliğatına göz yumurlar.

 

Ötən il UEFA-nın əməkdaşı, "Roma"nın yarımmüdafiəçi Henrix Mxitaryanın bacısı Monika Mxitaryan sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA UEFA-ya müraciət etmiş, qurumun məsələni araşdırmağa başlamasından sonra Monika həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.

 

Ötən mövsüm oktyabrın 3-də Slovakiya Super Liqasının “Jilina” – “Dunayska Streda” oyununda meydan sahiblərinin futbolçusu Vahan Bıçakçyan qol sevinci zamanı formasının altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirmişdi. Bu dəfə isə AFFA Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanmış, mövcud qaydalara əsasən futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilmiş və futbolçuya ciddi xəbərdarlığın olunması istənilmişdi. Qarşı tərəf cavab məktubunda erməni futbolçuya xəbərdarlıq edildiyini açıqlamışdı.

 

Belə hallar çox yaşanıb. "Qarabağ"ın Avropadakı oyunlarında da erməni təxribatları tez-tez baş verib.

 

Ötən il UFC-də döyüşə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan məhz Azərbaycan Xarici İşlər Nazirliyinin UFC rəhbərliyinə müraciətindən sonra cəzalandırılmışdı.

 

Qarşıda Ermənistan millisinin DÇ-2022-nin seçmə mərhələsində ev oyunları, bu ölkənin "Alaşkert" klubunun isə Konfrans Liqasında matçları var. Yəqin ki, AFFA və digər qurumlar bu məsələni diqqətdə saxlayacaqlar.

 

 

 

Xəbər xətti