"İrlandiyaya qarşı keçirilən matçı izlədim. Azərbaycan millisinin məğlub olmayacağını gözləyirdim. Emin Mahmudov gözəl qol vurdu, təbrik edirəm, onun adına sevindim. Təbii ki, millimiz qalib gəlsəydi, lap yaxşı olardı. Amma səfərdə 1 xal qazanmaq da pis nəticə deyil".
Bu sözləri Sportal.az saytına açıqlamasında Belarusun “Slaviya Mozır” klubunun üzvü Ruslan Qurbanov deyib.
Azərbaycan millisində indiyə qədər 26 oyun keçirmiş futbolçu yığma komandamızın DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib. O, Lüksemburq məğlubiyyətindən sonra milli komanda və Canni De Byazini tənqid edənləri də dəstəkləyib. Bununla yanaşı Portuqaliya millisinə qarşı Bakıda keçirəcəyimiz oyun haqda fikirlərini söyləyib:
"Məncə, tənqid ediləsi bir şeyi tənqid edirdilər. Əvvəllər biz Lüksemburq kimi rəqibləri asanlıqla məğlub edirdik. Ən azından onlara udumurduq. Canni De Byazi isə heyətdə eksperiment etməklə məşğul idi. Azərbaycan millisi hər zaman güclü rəqiblərə qarşı yaxşı mübarizə aparıb, döyüşüb. Əminəm ki, Portuqaliya ilə oyunda da yaxşı nəticə olacaq. Uşaqlara dəstək olmaq lazımdı. Doğrudu, azarkeşlər tənqid edir. Amma dəstək də lazımdı. Millidə olan hər kəs gücü çatdığını edir ki, azarkeşlər razı qalsın".
Qurbanovun "sənin formasını geyindiyin milli güclü idi, yoxsa indiki?” sualına isə cavabı belə olub: "Hansı millinin güclü və zəif olduğunu deyib, kiminsə xətrinə dəymək istəmirəm. Mən oynadığım millini deyirsizsə, biz 10 xal toplaya bilmişdik. Ancaq indiki milli hələ ki, cəmi 1 xal toplayıb. Nəticələri insanlar və azarkeşlər çıxarsınlar. Mən hər zaman Azərbaycan millisinə azarkeşlik edəcəm. Onlara uğrular arzulayıram”.
