Yeni nazir kimdir?

18:59 - 7 Sentyabr 2021

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.

 

Sportal.az xəbər verir ki, F.Qayıbov 1979-cu ildə Bakıda doğulub. O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirib.

 

Yeni nazir 2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika meneceri olub.

 

2005-2006-cı illərdə AGF-nin baş meneceri olub.

 

2006-cı ildə federasiyanın hesabat-seçki konfransında Baş katib seçilib. 2010-cu ildə ikinci dəfə, 2015-ci ildə isə 3-cü dəfə federasiyanın baş katibi olub.

 

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa çempionatının Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini icra edib.

 

2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. Buna görə də həmin ittifaqın şura üzvlüyündən imtina edib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür.

 

O, həmçinin Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apellyasiya Hakimlər Briqadasının prezidenti olub.

 

2017-ci ildə Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilib və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa verib. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.

 

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

 

Fərid Qayıbov 2017-ci ildə Prezident İlham Əliyev sərəncamı ilə “Azərbaycan Respublikasının fəxri diplomu” ilə təltif edilib (Qafqazinfo).

 

Xəbər xətti