“Səbail”in müdafiəçisi, Azərbaycan milli komandasının sabiq üzvü Məhəmməd Mirzəbəyov Sportal.az saytına müsahibə verib:
- Fasilə dövründə komanda daha çox nələri düzəltməyə çalışırdı?
- Məşqlərimiz yaxşı keçir, “Keşlə” oyununa hazırlaşırıq. Hər zaman üzərində işləyəcəyimiz, çalışacağımız nəsə var.
- “Səbail” 3 turdu uduzur. Səncə, nəyə görə, “Zirə”, “Qəbələ” və “Neftçi”yə məğlub oldunuz?
- Konkret olaraq problemin nə olduğunu demək çətindi. Problem varsa belə, məşqçilər korpusu nəyi necə düzəltməyi daha yaxşı bilir. Adını çəkdiyiniz komandalarla alınmadı. Ancaq ümid edirik ki, daha yaxşı olacaq.
- “Qarabağ”a 0:3 hesabı ilə uduzduqdan bu yana meydana çıxmırsan. Bu nə ilə bağlıdı? Bəlkə, Ağdam klubuna məğlubiyyətdə günahkar hesab edildin?
- Kimsə kimsəni günahlandırmır. Aftandil Hacıyev komandanın baş məşqçisidi. Kimin oynayıb, kimin oynamayacağına da baş məşqçi qərar verir. Mənim işim komanda üçün əlimdən gələni etməkdi.
- Səncə, “Keşlə” ilə matçda xal qazana biləcəksiniz?
- Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ən yaxşı nəticəyə ümid edirik. İnanıram ki, yaxşı alınacaq.
- Azərbaycan millisinin sabiq üzvü kimi, yığmanın İrlandiya və Serbiya matçlarındakı çıxışını necə dəyərləndirirsən?
- Millinin oyununa baxanda, Bədavi Hüseynov və Elvin Bədəlovun yoxluğu hiss olunurdu. Təəssüf ki, onların ciddi zədəsi var idi. Bu da milli üçün itkidi. Hər ikisinin tezliklə meydanlarda olmasını arzulayıram. Rahil Məmmədov da zədədən yeni qayıdıb. Bu oyunçular da milli komandaya kömək ola bilərdi.
- Sənin də formasını geyindiyin milli güclü idi, yoxsa indiki?
- Həm o vaxtki milli, həm də indiki milli potensiala sahibdi. Əsas odur ki, həmin potensialdan düzgün istifadə edilsin. İndi də Azərbaycan millisində perspektivli, çox yaxşı futbolçular var. Əsas odur ki, onlara düzgün yanaşma tapılsın. Allah qoysa, milli bizi oyunu və nəticəsilə sevindirəcək.
