Qadınlardan ibarət yığma komandamızın üzvü Firəngiz Teymurova Sportal.az saytına açıqlama verib.
"Okjetpes"də oynadıqdan sonra, Azərbaycana qayıdan və "Təhsil"lə anlaşan Teymurova öncə millimizin sabah AÇ-2023-ün seçmə mərhələsinin Monteneqroya qarşı keçirəcəyi matç haqda danışıb:
"Monteneqro matçına komanda şəklində tam hazırıq. Düzdü, səfərdəyik. Ancaq bizi narahat edən heç bir şey yoxdu. Çünki biz bura xal almaq üçün gəlmişik. Yalnız matç haqda düşünürük, necə olacağını oyun göstərəcək. Qrupdakı ilk 2 oyunumuz elə qrupun ən çətin rəqiblərinə qarşı idi, ən çətin oyunları oldu. Lakin həmin matçlar artıq geridə qaldı. Onümüzdəki bütün oyunlarda xal toplamağı fikirləşirik".
"Sözün düzü Qazaxıstana yollanmışdım. Amma elə 4-cü gününündə oğlanlarla yoldaşlıq oyununda dizimdən zədələndiyim üçün müqaviləni ləğv edib, qayıtdım. Hardasa 1 aya yaxın qaldım geri qayıtdım. Yeni-yeni bərpa olub "Təhsil"ə qoşulmuşam.
Xeyr, heç bir rəsmi oyuna çıxa bilmədim Qazaxıstanda, bu da zədələnməyimə görə oldu. Lakin çempionatı görmüşdüm, bizim liqaya nisbətən bir az yaxşı idi. İndi xaricdən təkliflərim var. Sadəcə tam bərpa olunmadan heç bir komandaya qoşulmaq istəmirəm" - deyə, Firəngiz Teymurova fikirlərini yekunlaşdırıb.
