Polşa mətbuatı Çesnav Mixneviçin “Legiya”nın baş məşqçi postundan ayrılmasından sonra onun komandada futbolçularla yaşadığı problemləri qabardıb.
Sportal.az xəbər verir ki, meczyki.pl nəşrinin yazdığına görə, hətta iş o yerə çatıb ki, millimizin forvardı Mahir Emreli Mixneviçlə görüşən zaman əlini sıxmırmış. Bir neçə futbolçu isə nizam-intizam qaydalarını pozaraq, atmosferin qaydasında getməməsinə zəmin yaradıb.
Mattiyas Yohanson tez-tez evdə komanda yoldaşları ilə şənliklər təşkil edirmiş. Polşalı həmkarlarımız Mahirin də boş vaxtlarında komanda yoldaşlarının təklifindən imtina edə bilmədiyi və tez-tez onlarla birlikdə vaxt keçirdiyini yazıb. Məhz bunlar Emrelinin işinə təsirini göstərib.
İnteria.pl saytı isə “Lex”lə oyun ərəfəsində Emrelinin yatıb qaldığına görə iclasa 45 dəqiqə gec qatıldığını vurğulayıb. Üstəlik 24 yaşlı forvard “Lex”lə görüşdə qol imkanlarını boşa verdikdən sonra Mixneviçin onun haqda dediyi sözlərdən inciyib.
Elə bu sözlərdən sonra millimizin forvardı Mixneviçin əlini sıxmağı dayandırmışdı.
