"Lüksemburqa oyuna baxdım. Mənim bir məşqçim var idi, həmişə deyirdi ki, "sözüm yoxdu". İndi mən də onun kimi. Həqiqətən bu, təsiredici idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Vüqar Əskərov deyib.
Azərbaycan milli komandasının sabiq forvardı yığmamızın çıxışı barədə danışıb. O, Lüksemburqla görüşdəki məğlubiyyəti və futbolumuzun durumunu dəyərləndirib:
"Futbol dəyişib. İndi başqa nəsil futbolçular çıxır, başqa futbolçular oynayır. "Qarabağ" Avropada çox gözəl futbol nümayiş etdirir, həmin komandada da çox sayda yerli oyunçu oynayır. Amma milli komanda həmin oyunu oynaya bilmir. Problem nədədir, heç kim bilmir. Lüksemburq o qədər də güclü deyil ki, tsiklin hər 2 oyununda onlara uduzaq və onlara 6 xal verəsən.
Həqiqətən bu, sarsıdıcıdı. Mən milli komandamızın azarkeşiyəm və Azərbaycan vətənimdi, hər zaman onlara görə narahatam. Dünən Norveç - Latviya matçına baxdım, 0:0 başa çatdı. Latviya sona qədər mübarizə apardı. Hazırda Latviyanın 6 xalı var. Üstəlik Türkiyəyə də 2-ci yerə qalxmalarına kömək oldular. Düzdü, mən heç kimi heç kimlə müqayisə etmirəm. Sadəcə Azərbaycan millisinin nəticələri göstərir ki, hər şey çox pisdi".
Əskərov Canni De Byazinin milli komandamızda qalmayacağını ehtimal etdiyini söyləyib: "Canni De Byazi gedəcəkmi? Bilmirəm. Məncə, De Byazi özü gedəcək. Çünki özü də hər şeyi gözəl başa düşür".
