Azərbaycan milli komandasının sabiq forvardı Vüqar Əsgərov Sportal.az saytına müsahibə verib. Hazırda Latviyada aşağı liqa klublarında oynayan millimizin keçmiş hücumçusu yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirib:
- Canni De Byazi Azərbaycan millisinin baş məşqçi postunda qaldı. Bu, sənin üçün gözlənilməz oldu?
- Düzünü deyim, düşünürdüm ki, Canni De Byazi özü gedəcək. Çünki nəticə yoxdu və bu cür vəziyyətlərdə məşqçilər özü postundan getməyə qərar verir. Amma o, postunda qalmaq qərarı verdi. Şəxsən mən, nəyə görə və niyə De Byazi postunda qaldı.
- Azərbaycan millisi Millətlər Liqasının C qrupunda Slovakiya, Belarus və Qazaxısatan/Moldova cütünün qalibi ilə oynayacaq. Səncə, püşkat milli üçün uğurlu alınıb?
- Belarus millisi 100 faiz məğlub edilməlidi. Çünki onlar hazırda yaxşı formada deyil. Qazaxıstan və Moldovanı da məğlub etmək olar. Slovakiya millisinə gəldikdə, real danışmaq lazımdısa çətin olacaq. Evdəki matçda da xal qazanmaq üçün oynamaq mümkündü.
- Azərbaycan millisinin qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?
- Düzünü deyək, bu, real deyil. Amma istənilən halda Azərbaycan millisinə azarkeşlik edəcəm və onlara inanıram.
- AFFA Canni De Byazinin qarşısına qrupdan çıxmaq vəzifəsi qoyub...
- Bu məsələ haqda yalnız AFFA cavab verə bilər. Onlardan soruşun, bu məqsədi onlar De Byazinin qarşısına qoyub. Tapşırığın nə olduğunu daha yaxşı bilirlər. Baş məşqçi Bakıda yaşamalı və yerli çempionatın bütün matçlarını izləməlidi. Doğru heyət yığmalıdı.
- İyunda milli 10 gün ərzində 4 matç keçirəcək. Bu millinin işini daha da ağırlaşdıracaq? Yoxsa, səncə, hazırkı futbolçu nəsli daha yaxşı nəticə verməyə imkan verir?
- Əlbəttə ki, hazırki nəsil də yaxşıdı, onlarla oynamaq olar. "Sumqayıt" kimi yerli oyunçuların daha çox oynadığı komandalar da çox olmalıdı. Məhz belə olacağı təqdirdə futbolçular inkişaf edəcək. Gənc futbolçular U-16 ,U-18, U-19 yığmalarında oynayıb, daha sonra onlardan xəbər yoxdu. Bu da çox pisdi. Demək ki, nəyisə düzgün etmirik. Fikrimcə, çempionatdakı komandaların sayını 12-ə yüksəltmək lazımdı. Milli üçün sçeim şansı da çox olacaq.
