AFFA-ya iqtisadi embarqo?

14:39 - 27 Dekabr 2021

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yeni müqavilə əvvəlkinə nisbətən azı iki dəfə aşağı məbləğdə oldu. Bundan başqa, AFFA İcraiyyə Komitəsi 2022-ci ildə Azərbaycan çempionatında VAR sisteminin tətbiqi barədə qərar qəbul etdi və bununçün 500 min dollar ayrıldı.

Xatırladaq ki, bu məbləğ də əvvəlkinə nisbətən azaldılıb (əvvəl açıqlanan rəqəm 2 milyon civarında idi) və bundan başqa bir neçə predmetdə assosiasiyanın xərcləri azaltması/ixtisara salması kimi halları nəzərə alsaq, qurumun iqtisadi embarqoya məruz qaldığını düşünə bilərik.

Səbəb?

Qarabağdakı bərpa işlərinin miqyası ölkə əhəmiyyətli xərclərdə qənaət rejiminə keçilməsini labüd edib və proses davam edir. Lakin AFFA-ya aidiyyatı olan bəzi xərclərin azaldılması başqa anlam daşıya bilər.

Məsələn, təkcə VAR-ın tətbiqi üçün təsdiqlənən məbləğin əvvəl səsləndiriləndən 3-4 dəfə aşağı olması ciddi nüansdır. Qurumun hətta bu məsələdə UEFA dəstək proqramlarından ayrılan vəsaitdən istifadə etdiyi məlumdur. Mütəxəssislər bildirir ki, VAR-ın 500 minə tam deyil, hətta yarımçıq tətbqi belə çətin görünür.

Bunlar AFFA-nın iqisadi embarqoya məruz qaldığı anlamına gələ bilərmi? Nəzərə alsaq ki, bir neçə ay əvvəl qurumun nəzdində olan “Dalğa Arena”nın yaxınlığındakı torpaq sahəsi də satışa çıxarılmışdı...

Assosiasiya irimiqyaslı xərclərdə ciddi ixtisarlarla üz-üzə qalıb. Qarşıdakı ilin ilk rübündə (adətən, martda) keçiriləcək AFFA-nın hesabat konfransında bu və ya digər böyük suallar doğuran məsələlərə aydınlıq gələcəyini gözləyək... (Futbolpress.az)

Xəbər xətti