"Murad Musayevin oyun fəlsəfəsini bilən futbolçuları qoruyub-saxlamaq mütləqdir"

14:30 - 21 Aprel 2023

"Qarabağ" uzun illərdi ölkəmizdə dominantlıq edir, avrokuboklarda da uğurlu çıxışları var. Bu komandanın heyəti hamımıza tanışdır, dəyişməz olaraq qalır. Yaxşı haldır. Ara-sıra yeni transferlər edirlər. Oyun stilinə uyğun futbolçular gətirilir. "Qarabağ" mövsüm ərzində həm avrokuboklarda oynadı, həm çempionatdakı mübarizəsini davam etdirdi, həm də milli komandalara futbolçu verdi. Bu isə heç də asan məsələ deyil. Bütün bunları nəzərətdə saxlamağı bacarırlar. Çempionatdakı məğlubiyyətsiz seriyanı davam etdirə bilmədilər. “Sabah” bu yöndə “Qarabağ”a bu mövsüm yaxşı müqavimət göstərə bildi. Şəxsi oyunlarda isə “Sabah” əməlli-başlı “Qarabağ”a çətinliklər yaşatdı. 0:0 bitən oyunu da xatırlayıram, çox yaxşı oyun olmuşdu. "Sabah"ın "Qarabağ"ı məğlub edəcəyi gözlənilirdi. Ağdam klubunun uduzması çempionluğun bir qədər də gecikməsinə gətirib çıxarır".

Bu sözləri Sportal.az saytına açıqlamasında Sənan Qurbanov deyib. Azərbaycanlı məşqçi "Sabah"ın avrokuboklara vəsiqə qazanmasını şərh edib. Bununla yanaşı o, adıçəkilən klubun bundan əvvəlki turda "Qarabağ"a qalib gəlməsinə də münasibət bildirib:

"Bəlkə də, “Qarabağ” son oyununa çıxmış kimi oynasaydı, fərqli alınardı. Matçın əvvəlində daha üstün tərəf idilər. Sonradan "Sabah" qollarını vurmağa başladı. "Sabah" bu mövsüm uğurlu çıxış edir. Murad Musayevə alqış düşür. Komandanı çətin vəziyyət götürdü və buralara qədər gətirib çıxardı. O qədər zəngin heyətə malik deyillər. Heç qışda heç kimi gətirmədilər də. Bu futbolçuları üst səviyyəyə gətirib çıxara bildi və komanda ikinciliyini möhkəmləndirir. “Sabah” adına böyük uğurdu.

Avrokuboklar tam başqa səhnədir. Çempionat oyunlarından çox fərqlənir. Heç bir oyunda səhv etməməlisən. Ona görə də, transferlərə ehtiyac var. Təbii ki, hazırkı futbolçuları komandada saxlamaq şərtilə. Çünki Murad Musayevin oyun fəlsəfəsini bilən futbolçuları qoruyub-saxlamaq mütləqdir. "Sabah"ın böyüməsi gözümüzün qarşısında pillə-pillə baş verir. İstəyərdik ki, “Sabah” ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin. Ümidvaram ki, belə də olacaq. Çünki düzgün yoldadırlar, doğru strategiya seçiblər. Avrokuboklardakı uğur onlara əlavə motivasiya verəcək. Böyük “Sabah” görəcəyik".

Sonda isə Qurbanov "Qarabağ"ın qışda etdiyi transferlərin performansını dəyərləndirib:

"Qarabağ"ın yeni transferlərindən gözləntilər çox böyük idi. Kadi Borges, İbrahima Vadji başqa klublara satıldı. Bu da klub adına uğurlu gedişat idi. Yeni gələnlər isə komandaya yavaş-yavaş uyğunlaşma dövrünü keçəndə, zədələndilər. Bu zədələr də futbolçuları geri atdı. "Qarabağ" kimi komandanın oyun üslubuna öyrəşmək də asan olmur. Hələ ki, gözləyirik. Zədələr də onları geri atdı. Amma yaxşı futbolçulardır, potensiallıdırlar. Sadəcə təəssüf ki, hazırda bunu görə bilmirik".

Mirbağırağa
 

Xəbər xətti