Azər Bağırov: "Bizim qapıda iki epizoddan biri qola çevrilir"

17:22 - 28 Yanvar 2024

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 20-ci turunda öz meydanında "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məncə, maraqlı görüş izlədik. Sevindirici haldır ki,bəzi futbolçularımız xəstə olmalarına baxmayaraq, meydanda mübarizə apardılar."Qarabağ"la matçdan sonra yaxşı oyun gördüm.

- Komanda dekabr ayından bəri qələbə qazana bilmir. Çıxış yolunu nədə görürsünüz?

- Yeni qurulmuş komandayıq. Səhvlərimiz ola bilər. Hələ hər şey qabaqdadır. Bu gün 27 xal toplamışıqsa, meydanda futbol görürüksə, bu, sevindirici haldır. Bəli, qolları vura bilmirik. Problemlərimiz buradadır. Çalışacağıq ki, bunları aradan qaldıraq. Hər oyunda çoxlu qol epizodları yaradırıq. Bizim qapıda isə iki epizoddan biri qola çevrilir. Komanda meydanda mənim istədiyim futbolu göstərir.

- Fasilədə nəyi dəyişdiz ki, komanda meydanda rəqibi üstələyirdi?

- Mənə elə gəlir ki, ilk yarıda da rəqibdən üstün idik. Standart vəziyyətdən qapımızda qol olmasaydı... Hücumlarımız kəsərli idi. Rəqib qapıda daha çox biz idik. Ola bilər ki, külək amili var idi. "Sumqayıt" küləyə qarşı oynayırdı. Xırda bir məsələ var ki, onu birinci hissədə az edirdik. Uşaqlar ikinci hissədə mənim istədiyim futbolun 80 faizini oynadılar.

Elçin Əlixan

Xəbər xətti